Sübhan Həsənli: “Mən vergi, sosial ödənişlər və işsizlikdən sığorta ödənişlərini etmişəm, o zaman bu pul necə qanunsuz olur? Necə cinayət yolu əldə edilmiş olur?”
Sosial Hüquqlar Mərkəzinin rəhbəri, hüquqşünas Sübhan Həsənliyə cinayət işi açılıb, barəsində axtarış elan olunub.
Bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Həsənli qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz əmlakı leqallaşdırma və vəzifə saxtakarlığı kimi cinayətlərdə təqsirləndirilir.
İttihamda bildirilib, o, 2020-2021-ci illərdə ABŞ-nin "FH1360" humanitar təşkilatı, Müharibə və Sülh Hesabatı İnstitutu ilə müqavilələr bağlayıb. Beləliklə, aldığı qrantları "xidmət müqaviləsi" ilə ölkəyə gətirib və leqallaşdırıb.
Sübhan Həsənli isə ittihamları rədd edib. Həsənli vurğulayıb ki, iş müddətində vergi, sosial ödənişlər və işsizlikdən sığorta ödənişləri edilibsə, pulun necə qanunsuz, cinayət yolu əldə edildiyinə qərar verildiyini anlamır.
“5000 avro və 10 min dollar vəsait almışam. Hər birini də 20 faiz vergi ilə və sosial ödənişlərlə dövlətə ödəmişəm. Yəni, təxminən 5200 AZN təkcə vergi vermişəm. Hətta Dövlət Vergi Xidməti 2 dəfə bizim işimizlə bağlı yoxlama aparıb. Heç bir problem yoxdur. Əgər bu ödənişlər qanunsuz idisə, niyə Dövlət Vergi Xidməti yoxlama aparanda bizə qanunsuzluqla məşğul olduğumuzu demədi? ABB VÖEN-ə gələn pulu verəndə görmürdü?”, - hüquqşünas özünün “Facebook” hesabındakı paylaşımda sual edib.
Sübhan Həsənli bildirib ki, onunla birlikdə müxtəlif dövlət orqanları da FHI360 təşkilatından xidməti müqavilə əsasında layihə alıblar.
“Mənimlə birgə FHI360 təşkilatından xidməti müqavilə ilə layihə alanlardan biri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının üzvüdür, bu layihələrdən birinin benefisiarı TƏBİB olub. Bu layihələrdən birində Ədliyyə orqanları əməkdaşlarına təlimlər keçirilib. Bəs Ədliyyə Nazirliyi niyə soruşmurdu ki, bu qrantdır, siz niyə xidmət müqaviləsi bağlamısınız? Bu layihələrdən birinə isə Dövlət Vergi Xidməti dəstək durub. Özü də ən yüksək rəhbərlik səviyyəsində”, - Həsənli bildirib.
2023-cü ilin noyabrından etibarən Azərbaycanda vətəndaş cəmiyyəti və media nümayəndələri kütləvi şəkildə həbs olunur. Hüquq müdafiəçilərinin yaydığı son hesabata görə, ölkədə siyasi məhbusların sayı 360 nəfərə çatır.