Jurnalistlər məhkəmədə iştirakdan imtinaya görə təzyiq altında salxanılırlar

Jurnalistlər məhkəmədə iştirakdan imtinaya görə təzyiq altında salxanılırlar
6 Mart 2025
Mətni dəyiş

Onların ailələrilə canlı görüşləri tamamilə qadağan edilib

“Abzas Media”nın həbsdə olan əməkdaşları martın 4-nə təyin olunan növbəti məhkəmədə də iştirak etmədiklərinə görə, saxlanıldıqları təcridxanada təzyiqlərə məruz qalırlar. Bu barədə onların yaxınları məlumat verib. Bildirilib ki, təzyiqlərlə yanaşı, onlara məhdudiyyət tətbiq olunması ilə bağlı qərar verilib. 

“Martın 4-də 1 saylı Bakı İstintaq Təcridxanasının rəis müavini Əhəd Abdıyev jurnalistlərə bildirib ki, onlar daha məhkəməyə ayrı-ayrı, daha acınacaqlı vəziyyətdə yox, normal şəraitdə və birlikdə aparılacaqlar. Bununla bağlı məhkəmənin də göstərişi olub. Ancaq onlar məhkəməyə aparılan zaman məlum olub ki, iki ayrı maşında və əvvəlki şəraitsiz vəziyyətdə aparılacaqlar. Ona görə 3-cü dəfə də məhkəmədə iştirakdan imtina ediblər”, – məlumatda qeyd olunub. 

Bildirilib ki, bundan sonra istintaq təcridxanasının rəisi Elnur İsmayılov "Abzas Media“nın jurnalistləri ilə kobud şəkildə və təhdid dilində danışıb. 

“Onlar Elnur İsmayılovdan etika çərçivəsində danışmağı tələb ediblər. Təcridxana rəisi jurnalistlərin bu tələbinə məhəl qoymayıb. Jurnalistlər bundan sonra görüşü yarımçıq tərk ediblər”, – deyə jurnalistlərin yaxınları bildiriblər.

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 28-ci maddəsində qeyd olunur ki,  həbs yerlərinin işçiləri tutulmuş və ya həbs edilmiş şəxslərlə münasibətdə nəzakətli olmalıdırlar. Tutulmuş və ya həbs edilmiş şəxslərə qarşı təhqiramiz hərəkətlərə yol verilməsi qadağandır. Amma təcridxana rəisi qanunun bu tələbini pozub.

Eyni qanunun 12-ci maddəsində qeyd olunur ki, həbs edilmiş şəxsin müdafiəçisi, qanuni nümayəndəsi, yaxın qohumları və əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşləri təmin edilməlidir. 

Bundan əlavə, Nazirlər Kabinetinin “Həbs yerlərinin daxili intizam qaydalarının təsdiq edilməsi” barədə 26 fevral 2024-cü il tarixli, 105 nömrəli qərarın 8-ci maddəsinin 1.24-cü bəndində qeyd olunur ki, qanunda nəzərdə tutulmuş qaydada yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşmək həbs edilmiş şəxslərin hüquqlarından biridir.

Artıq 3-cü dəfədir ki, “Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində iştirakdan imtina edirlər. 

Bunun səbəbi jurnalistlərin saxlandıqları 1 saylı Bakı İstintaq Təcridxanasında üzləşdikləri fiziki zorakılıq və qeyri-insani rəftarla bağlı şikayətlərinin məhkəmə tərəfindən araşdırılmamasıdır. Onlar məhkəməyə avtomobildə qeyri-insani şəraitdə və ayrı-ayrı gətirilmələri, habelə məhkəmənin zirzəmisində saxlanılmalarından da şikayətçidirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun