Aİ və BMT “Abzas Media” jurnalistləri barəsində hökmdən narahatlıq ifadə edib

Aİ və BMT “Abzas Media” jurnalistləri barəsində hökmdən narahatlıq ifadə edib
24 İyun 2025
Mətni dəyiş

Avropa İttifaqı (Aİ) və BMT-nin xüsusi məruzəçisi “Abzas Media işi” çərçivəsində təqsirləndirilən 7 jurnalistə çıxarılan uzunmüddətli həbs qərarlarına münasibət bildiriblər. 

BMT-nin İnsan Hüquqları Müdafiəçiləri üzrə Xüsusi Məruzəçisi Meri Loulor Azərbaycan hökumətinin “Abzas Media”nın altı jurnalistinə 8-9 il həbs cəzası verməsi ilə bağlı narahatlığını bildirib.

“İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin daha əvvəl də haqlarında yazdığım altı "Abzas Media" jurnalistinə 8-9 il həbs cəzası verdiyi barədə narahatedici xəbərlər alıram. Onların bu şəkildə cəzalandırılmasının korrupsiyaya qarşı apardıqları qanuni fəaliyyətlə bağlı olduğuna dair narahatlığım qalır”, - Meri Loulor öz “X” hesabında yazıb.

O, bir daha Azərbaycan hakimiyyətinə bu işlərin diqqətlə nəzərdən keçirilməsi və müstəqil jurnalistika və insan haqları müdafiəçilərinin hədəfə alınmasına son qoyulması çağırışı edib.

Aİ-nin Xarici Fəaliyyət Xidmətinin (EEAS) iyunun 23-də yaydığı bəyanatda isə jurnalistlərə qarşı çıxarılan ağır hökmlər “narahatedici gedişat” adlandırılır. 

“Müstəqil jurnalistika şəffaflığın, hesabatlılığın və məlumatlı ictimai müzakirənin qorunmasında mühüm rol oynayır”, – bəyanatda deyilir.

Avropa İttifaqı Azərbaycanı insan hüquqlarına və əsas azadlıqlara hörmət etməyə, beynəlxalq öhdəliklərinə əməl etməyə və ölkədə bütün jurnalistlər üçün təhlükəsiz və əlverişli mühit yaratmaq üçün təcili tədbirlər görməyə çağırıb.

Aİ həmçinin insan hüquqları üzrə Azərbaycanla dialoq və əməkdaşlığı davam etdirməkdə qərarlı olduğunu bildirib.
Bundan başqa,

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə hər biri 9 il, layihə koordinatoru Məhəmməd Kekalov 7 il yarım, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun