Anar Məmmədli cinayət işindəki sənədlərin ona aid olmadığını deyir

Anar Məmmədli cinayət işindəki sənədlərin ona aid olmadığını deyir
24 İyun 2025
Mətni dəyiş

İyunun 23-də Anar Məmmədli və Anar Abdullanın işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyilə keçirilən prosesdə müdafiə tərəfi müxtəlif vəsatətlərlə çıxış edib. 

Vəkil Elçin Sadıqov bildirib ki, bir neçə sənəd sübutlar siyahısından xaric edilməlidir, çünki sənədlərdə olan imzalar Anar Məmmədliyə aid deyil:

"Ümumiyyətlə bu cinayət işinə xitam verilməlidir", - Sadıqov vəsatət qaldırıb. 

Məhkəmə tərkibi verilən vəsatətlərlə tanış olmaq üçün prosesi təxirə salıb.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb.

Aprelin 30-da Xətai rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib. Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülsə də, sonradan bir neçə maliyyə cinayəti üzrə maddələr də əlavə edilib.

İstintaqın yekunlaşmasından qısa müddət əvvəl bu iş üzrə ictimai fəal Anar Abdullayev də təqsirləndirilən şəxs elan edilib. Ona qarşı da eyni maliyyə ittihamları irəli sürülüb. Barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib. 

2023-cü ilin noyabrından etibarən Azərbaycanda media və vətəndaş cəmiyyətinə qarşı son on ildə həyata keçirilən ikinci kütləvi həbs dalğası başlayıb. 

Təqiblər çərçivəsində müstəqil jurnalistlər, hüquq müdafiəçiləri və müxalif fəallar ard-arda müxtəlif cinayət işləri üzrə istintaqa cəlb olunurlar.

Saxlanılan şəxslər həbslərinin siyasi motivli, ittihamların isə saxta olduğunu bildirirlər.

Hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda ölkədə 375-dən çox siyasi məhbus var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun