İyunun 24-də məhkəmə "Meydan Tv işi" üzrə tutulanların həbs müddətlərinin uzadılmasına baxıb. Fərqli proseslərdə baxılan işlər həm də Meydançıların çıxışları ilə yadda qalıb.
Bu iş üzrə həbs olunan jurnalist Xəyalə Ağayeva məhkəmədəki çıxışında deyib ki, media nümayəndələrinin hazırkı mübarizəsi bir növ qol güləşinə bənzəyib. Hakimiyyətin tutan əllərinə qarşı onların yazan əlləri.
“Başda ötən həftə hökm alan “abzasçılar” olmaqla, bu saxta məhkəmələrin simasında repressiv Azərbaycan hökumətinə qarşı dimdik dayanan bütün həmkarlarımla qürur duyuram.
Bu gün zor gücüylə ölkə mətbuatını yıxan hökumət qalib görünsə də, əslində məğlubdur. Çünki məhz bizim həbsimiz hökumətin xalqa qarşı törətdiyi cinayətlərin səmimi etirafıdır. Bizi həbs edib. O səbəbdən ki, bizim işimiz zəhmətdən üzülən adamları öz varlanmasına alət sayan, xalqa daim yalan yayanları ifşa etməkdir. Missiyamız bədəni və ruhu əzilənlərə həqiqəti göstərməkdir. Biz bir qazan yemək üçün gün boyu yorğun düşmüş adamların axşam önünə yalnız propaqanda servis edənlərlə mübarizə aparırıq.
Biz elə bir azadlıq tələb edirik ki, o, bizə yalnız sərbəst hərəkət yox, işləmək imkanı versin. Mətbuatın yox edilməsinə hesablanan qondarma qanunlar ləğv edilsin. Bu gün və bundan sonrakı proseslərdə gələn sifarişlərin həbsimi nə qədər uzadacağından asılı olmayaraq, peşə fəaliyyətimiz uğrunda mübarizədə həmkarlarımla çiyin-çiyinə dayandığım yerdə xoşbəxtəm. Həbsxana da mənim üçün dincəlmək yeridir”, - o, çıxışını tamamlayıb.
Elə həmin gün bu iş üzrə həbs edilən jurnalist Aytac Tapdığın (Əhmədova) da məhkəməsi keçirilib. O, çıxışında bildirib ki, xalq onları, müstəqil medianın məhsullarını izləyir.
“Bütün medianın hökumətin nəzarəti altında olduğu bir ölkədə mən 10 ildir azsaylı müstəqil mətbuat olan “Meydan TV”də qürurla işimi davam etdirirdim. Hökumət illərdir bunun üçün çırpınsa da cəmiyyətə maşa medianın yaratdığı “gerçəyi” həzm etdirə bilmədi. İnsanların ağzına qapaq qoyan, onları susduran hakimiyyət alternativ mətbuatı qapadıb jurnalistləri həbsxanaya tıxmaqla problemi həll etmək istəyirdi. Ancaq bu da əlində partladı. Gənclər həmyaşıdlarının öldürülməsinə etiraz olaraq küçəyə çıxdı. Bəli, söhbət Gəncədə öldürülən məktəbli Elgün İbrahimovdan gedir. 16 yaşlı gənclər cəsurca etiraz edib polis idarələrində cinsi qısnamaya, psixoloji zorakılığa məruz qalarkən, Prezidentin 16 yaşlı nəvəsi “Sea Breeze” cənnətində öz restoranının açılışını qeyd edirdi.
Bizim ölkədə həyatlar arasında bu qədər dərin qütbləşmə var. Korrupsiya və soyğunçuluqla özünü varlandıran hakimiyyət qütbün digər tərəfindəkilərini görməyə təhəmmül etmir. Bizim kameralarımız isə bir ömrü yaşamaq üçün bir ömür bədəl verən o insanlara meydan verməkdədir.
İndi səsləndirdiyiniz saxta ittihamlar, verəcəyiniz yeni ittihamlar, həmkarlarımıza elan etdiyiniz 9 illik hökmlər fəaliyyətimizin cəriməsidir və bunlar bizi qorxutmur. Biz həqiqətlərin ardından getməyə, cəmiyyətə gerçəkləri göstərməyə davam edəcəyik. Meydanda olmasaz da, Meydanda qalın!”, - o fikrini tamamlayıb.
6 aydan çoxdur həbsdə olan jurnalistlərin həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.
Məhkəmənin qərarına əsasən, jurnalistlər Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Ramin Cəbrayılzadə (Deko), Ülvi Tahirov, Fatimə Mövlamlı, Nurlan Qəhrəmanlı (Libre), Şəmşad Ağayev və Ülviyyə Əlinin həbs müddətləri daha 3 ay, yəni oktyabrın 6-dək uzadılıb.
"Meydan TV" jurnalistləri ötən ilin dekabrında keçirilən polis əməliyyatı nəticəsində saxlanılıblar. Daxili İşlər Nazirliyi məlumat yayıb ki, onlar "qaçaqmalçılıq" faktı ilə bağlı aparılan istintaq çərçivəsində tutulublar.
Daha sonra jurnalistlərin hər birinə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham irəli sürülüb.
Dekabrın 8-də Xətai Rayon Məhkəməsində jurnalistlər Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Aynur Qənbərova (Elgünəş), Natiq Cavadlı, Ramin Cəbrayılzadə (Deko), Xəyalə Ağayeva və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onların həbs müddəti daha sonra bir neçə dəfə artırılıb.
Bu ilin fevral ayında daha üç jurnalist - fevralın 4-də Şəmşad Ağayev, fevralın 20-də Nurlan Qəhrəmanlı (Libre), fevralın 28-də Fatimə Mövlamlı "Meydan TV işi" ilə bağlı saxlanılıb.
Mayın 7-də isə jurnalist Ülviyyə Quliyeva (Əli) bu iş üzrə həbs edilib.
Jurnalistlər ittihamları qəbul etmir, qaçaqmalçılıq ittihamının əsassız olduğunu və peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.