"MeydanTV işi" üzrə saxlanılan jurnalistlərin həbs müddətləri daha 3 ay uzadılıb.
İyunun 24-də Xətai rayon Məhkəməsində keçirilən proseslərdə jurnalistlərin həbs müddətinin artırılması ilə bağlı ittiham tərəfinin vəsatətlərinə baxılıb.
Məhkəmənin qərarına əsasən, jurnalistlər Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Ramin Cəbrayılzadə (Deko), Ülvi Tahirov, Fatimə Mövlamlı, Nurlan Qəhrəmanlı (Libre), Şəmşad Ağayev və Ülviyyə Əlinin həbs müddətləri daha 3 ay, yəni oktyabrın 6-dək uzadılıb.
Müdafiə tərəfi bu vəsatətə etiraz edib, həbsin uzadılmasına əsas görmədiyini bildirib. Vəkillər qeyd ediblər ki, jurnalistlər heç bir cinayət törətməyiblər.
Onların sözlərinə görə, jurnalistlərə qaçaqmalçılıq ittihamı irəli sürülsə də, buna dair inandırıcı sübut təqdim olunmayıb.
"Azadlıq Radiosu"nun məlumatına görə, Aynur Elgünəş məhkəmədə çıxış edərək vurğulayıb ki, məhkəmə notarius kimi təsdiqləyici instansiyaya çevrilməməlidir.
"Meydan TV" jurnalistləri ötən ilin dekabrında keçirilən polis əməliyyatı nəticəsində saxlanılıblar. Daxili İşlər Nazirliyi məlumat yayıb ki, onlar "qaçaqmalçılıq" faktı ilə bağlı aparılan istintaq çərçivəsində tutulublar.
Daha sonra jurnalistlərin hər birinə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham irəli sürülüb.
Dekabrın 8-də Xətai Rayon Məhkəməsində jurnalistlər Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Aynur Qənbərova (Elgünəş), Natiq Cavadlı, Ramin Cəbrayılzadə (Deko), Xəyalə Ağayeva və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onların həbs müddəti daha sonra bir neçə dəfə artırılıb.
Bu ilin fevral ayında daha üç jurnalist - fevralın 4-də Şəmşad Ağayev, fevralın 20-də Nurlan Qəhrəmanlı (Libre), fevralın 28-də Fatimə Mövlamlı "Meydan TV işi" ilə bağlı saxlanılıb.
Mayın 7-də isə jurnalist Ülviyyə Quliyeva (Əli) bu iş üzrə həbs edilib.
Jurnalistlər ittihamları qəbul etmir, qaçaqmalçılıq ittihamının əsassız olduğunu və peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.