"Təcridxanada Fəridə sistem köçürmək üçün tibb otağına aparmırlar, sadəcə qolunu "qarmoşka"dan çıxarır və o şəkildə köçürürlər"
"Toplum Tv işi" çərçivəsində həbs edilən jurnalist Fərid İsmayılov səhhətindəki problemlərin fonunda qeyri-insani rəftardan şikayət edir.
"Abzas Media"ya bu barədə onun yaxınları məlumat verib.
Bildirilib ki, Fərid İsmayılovun qan şəkərində problem var. Normal rejimdə qida qəbul etmədikdə və ya pis şəraitdə saxlanıldıqda qan şəkəri düşür.
"Məhkəməyə səhər saatlarında gətirilir. Erkən saatlar olduğu üçün yemək yemir və ac olur. Hətta səhər yeməyi yesə belə, isti havalarda gətirilməsi və saxlanılması onun səhhətini ciddi şəkildə pisləşdirir. Özü azadlıqda olanda da maşın idarə edəndə bəzən gözü qaralalırdı. Ona görə hər dəfə maşında şirin su və yemək üçün nəsə olurdu, qida qəbul etdikdən sonra özünə gəlirdi.
İndi Fərid hər məhkəməyə gətirilib-aparılanda səhhəti pisləşir. Hətta sistemlə köçürülməsi üçün qida əlavələri, dərmanlar alıb göndərmişik. Bakı İstintaq Təcridxanasında Fəridə sistem köçürmək üçün tibb otağına aparmırlar, sadəcə qolunu "qarmoşka"dan (kameranın nəfərliyi) çıxarır və o şəkildə sistem köçürürlər”, - yaxınları bildirir.
Yaxınları deyir ki, iyunun 23-də Fərid İsmayılov məhkəmədə çıxış edərək bildirib ki, o, həm də miqrendən əziyyət çəkir. Hər məhkəmədən sonra eyni ağır vəziyyətə düşür:
"Əgər işə ədalətli baxılmayacaqsa və nəticədə hökm "Abzas Media"dakı kimi olacaqsa, mənə indidən nə hökm verirsiniz, verin. Yoruluram bu vəziyyətdə bura gətirilib-aparılmaqdan", - o, hakim Azər Tağıyevə bildirib.
2024-cü il martın 6-da polis Bakıda müstəqil fəaliyyət göstərən “Toplum TV” onlayn televiziyasının ofisində axtarış aparıb və media qurumunun ofisi möhürlənib.
Ümumilikdə “Toplum TV işi” üzrə 10 nəfərə cinayət işi açılıb. “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar və Fərid İsmayılov, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov həbs ediliblər.
Onlara ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxslə əvvəlcədən əlbir olaraq törədildikdə) maddəsi ilə cinayət işi açılsa da, bu il yanvarın 17-də ağırlaşlaşdırıcı maddələrlə yeni ittihamlar irəli sürülüb.
Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib, Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb. Onunla bağlı cinayət işi ayrı icraata verilib.
“Toplum TV” bəyanat yayaraq baş verənlərin onların peşə fəaliyyətlərilə əlaqəli olduğunu bildirib və bunu müstəqil mediaya basqı kimi qiymətləndirib.
Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs olunanları siyasi məhbus hesab edib və hakimiyyəti onları dərhal azad etməyə çağırıblar.