İşgəncə hallarını monitorinq edən Fikrət Cəfərli həbs olunub

İşgəncə hallarını monitorinq edən Fikrət Cəfərli həbs olunub
29 İyul 2025
Mətni dəyiş

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərli həbs olunub.

Hökumətyönlü media yazır ki, iyulun 29-da Cəfəliyə qarşı xüsusi ittiham qaydasında qaldırılan iddia üzrə məhkəmə prosesi keçirilib.

Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən prosesdə Fikrət Cəfərli 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Onu Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, vəkil Elvin Əliyev xüsusi ittiham qaydasında məhkəməyə verib.

Əliyev Cəfərlinin ona sosial şəbəkədə böhtan atdığını, işgüzar nüfuzuna zərər vurduğunu iddia edib.

Cəfərli Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə (böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) ittiham olunub. 

Əliyevin iddiasına görə, Cəfərlinin rəhbərlik etdiyi İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin “Facebook” səhifəsində onun keçmiş müvəkkilinə istinadən yalan məlumat yayılıb, “Toplum TV” yazır.

Məlumatda vəkilin hazırda həbsdə olan müvəkkilindən 10,500 manat ödəniş aldığı, buna baxmayaraq söz verdiyi hüquqi müdafiəni etmədiyi və müvəkkilini hədələdiyi yazılıb.

Cəfərli isə deyir ki, sözügedən məlumat onun şəxsi mövqeyi deyil. O, işin icraata götürülməsinin Vəkillər Kollegiyasını tənqid etməsinə cavab olaraq, siyasi sifariş əsasında edildiyini düşünür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun