İyulun 1-də “Abzas Media”nın direktoru Ülvi Həsənli saxlanıldığı Umbakı həbsxanasında vəkili Zibeydə Sadıqova ilə görüşüb. Həsənli vəkilinə iyunun 26-dan cərimə kamerasında saxlanıldığını və həmin gündən aclıq etdiyini bildirib. Aclıq nəticəsində onun çəkisi 77 kiloqramdan 71 kiloqrama düşüb.
Jurnalistin həyat yoldaşı Rübabə Quliyevanın “Abzas Media”ya bildirdiyinə görə, səhhətindəki pisləşməyə baxmayaraq, Ülvi Həsənli həkim müayinəsindən keçirilməyib. O, ailəsinə Umbakı həbsxanasına köçürüldüyü gündən üzərindəki eyni paltarı geyindiyini və təmiz geyimlərinin verilmədiyini bildirib. Yatmaq üçün köhnə və sınıq çarpayı verildiyini, yataq dəstinin isə olmadığını deyən jurnalist belində ağrıların başladığını və buna görə səhhətində problemlər yarandığını da vurğulayıb.
Ailəsi bildirib ki, Ramin Əkbərov və Pərviz adlı iki təcridxana əməkdaşı Ülvi Həsənliyə qarşı zorakılıq tətbiq edib, itələyərək paltarlarını cırıb. Bu zaman Ülvi çarpayıya dəyib və ayağından xəsarət alıb. Ailəsi hazırda da onun bədənində xəsarət izlərinin qaldığını qeyd edib.
Ülvi Həsənli həyat yoldaşı və iki yaşlı qızı ilə görüşə icazə verilmədiyi üçün aclığı dayandırmayacağını bəyan edib. Eyni zamanda, o, məhkəmə qərarında hökm qanuni qüvvəyə minənədək Bakı İstintaq Təcridxanasında saxlanılmalı olduğu halda Umbakı həbsxanasına köçürülməsinə etiraz edir və geri qaytarılmasını tələb edir.
“Abzas Media”nın Bakı İstintaq Təcridxanasında saxlanılan qadın jurnalistləri də Ülvi Həsənlinin tələbləri yerinə yetirilməzsə, onunla birlikdə aclıq aksiyasına qoşulacaqlarını bildiriblər.
Vəkil Zibeydə Sadıqova məsələ ilə bağlı Penitensiar Xidmətə və Ombudsman Aparatına müraciət edib.
Azərbaycan prezidenti İlham Əliyev və yaxın ətrafı ilə bağlı silsilə korrupsiya araşdırmaları aparan "Abzas Media"nın əməkdaşları 2023-cü ilin noyabrında başlayan cinayət işi üzrə saxlanılıblar. 2024-cü ilin mayında "Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə də bu iş çərçivəsində həbs edilib.
Jurnalistlər qaçaqmalçılıq və ağır maliyyə cinayətlərində ittiham ediliblər. Ancaq həm onlar, həm də yerli və beynəlxalq hüquq müdafiəçiləri bu ittihamları rədd edib, cinayət təqibini jurnalist fəaliyyətlərilə əlaqələndiriblər. İbtidai və məhkəmə istintaqı birlikdə 2 ilə yaxın çəkib.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Abbasova (Vaqifqızı), Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova, Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər.