Ryazan vilayət məhkəməsi Azərbaycanda anadan olmuş Məhbuban Lukinskayanı beş il müddətinə azadlıqdan məhrum edib. Bu barədə “Mediazona” məhkəmənin mətbuat xidmətinə istinadən xəbər yayıb.
Lukinskaya Rusiya Cinayət Məcəlləsinin 275.1-ci maddəsi – xarici dövlət və ya beynəlxalq təşkilatla məxfi əməkdaşlıqda ittiham olunaraq təqsirli bilinib. Onun barəsində cinayət işi 2025-ci ilin mayında məhkəməyə təqdim olunub.
İşin təfərrüatları məxfilik damğası altında saxlanılır. Jurnalistlərin əldə etdiyi məlumata görə, 55 yaşlı Lukinskaya Bakıda anadan olub. O, 2017–2021-ci illərdə Ryazandakı boru zavodunda, eləcə də ağır döymə-pres avadanlıqları istehsalı müəssisəsində çalışıb.
İyunun 27-də Yekaterinburqda 50-dən çox azərbaycanlının saxlanılması və iki nəfərin həyatını itirməsindən sonra Azərbaycanla Rusiya arasında gərginlik yeni mərhələyə keçib.
Rusiya polis əməliyyatı zamanı 2 şəxsin ürək çatışmazlığından öldüyünü iddia edib. Bakı isə onların saxlanılarkən fiziki zorakılıq nəticəsində çoxsaylı xəsarətlər aldıqları üçün vəfat etdiyini bildirib.
Hadisədən sonra Kremlin nəzarətində olan media iki azərbaycanlını Rusiya polisinin öldürməsinə görə etiraz etdiyi üçün Azərbaycan hökumətini “Əliyev rejimi” adlandıraraq ittiham edib.
Bundan əvvəl də 2024-cü ilin dekabrında “Azerbaijan Airlines” təyyarəsinin qəzaya uğraması ilə bağlı Bakı Rusiyaya qarşı iradlar bildirmişdi. Azərbaycan Kremlə rəsmi üzr və məsuliyyəti qəbul etməsi tələbi ilə dəfələrlə müraciət etmişdi. Bir neçə gün əvvəl isə yerli media rusiyalı kapitan Dmitri Paladiçukun izahatını yayımlayıb. O, “Embraer 190” təyyarəsini vurmaq əmri aldığını açıqlayıb.
Bu hadisələrdən sonra Azərbaycan “Rus Evi”ni bağlayaraq əməkdaşlarını casusluqda ittiham edib, rusiyalıların ölkədə qalma müddətini ildə 90 günlə məhdudlaşdırıb. Həmçinin “Sputnik Azərbaycan” agentliyində çalışan əməkdaşların sayı 40-dan bir nəfərə endirilib.
Yekaterinburqda azərbaycanlıların saxlanılması ikitərəfli münasibətlərdə ciddi sarsıntıya səbəb olub — Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv edilib, bir neçə rus vətəndaşı saxlanıb, Bakıda “Sputnik Azərbaycan”ın yeddi əməkdaşı dələduzluq, qanunsuz sahibkarlıq və çirkli pulların yuyulması ittihamları ilə saxlanılıb. Agentliyin icraçı direktoru İqor Kartavıx və baş redaktoru Yevgeni Belousov iki aylıq həbs edilib.
Hökumətə yaxın mediada yayılan məlumatlarda saxlanılan rusiyalıların FSB agenti olduğu və Azərbaycanda gizli fəaliyyət göstərdikləri iddia edilsə də, bu, rəsmi şəkildə təsdiqlənməyib.