11-ci gündür aclıq edən “Xebermen” saytının rəhbəri Polad Aslanovun saxlanıldığı 15 saylı cəzaçəkmə müəssisəsində səhhətinin pisləşdiyi bildirilir.
Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.
Onun sözlərinə görə, Polad Aslanov onunla telefon danışığı zamanı gecə saatlarında tibbi şok keçirdiyini bildirib.
“Dedi ki, onu titrəmə tutub, ayaqlarını hiss etməyib, ayıla bilməyib, yataqda bir neçə dəqiqə köməksiz vəziyyətdə qalıb”, - Gülmirə Aslanova bildirib.
O əlavə edib ki, həyat yoldaşı əllərinin uyuşduğunu və çox soyuq olduğunu deyib.
Gülmirə Aslanovanın sözlərinə görə, 15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinin rəisi Ramiq Nəsibov hələ də Polad Aslanovun aclıq aksiyasına başlamağı ilə bağlı ərizəsini qəbul etməyib. Buna görə də jurnalist digər məhbuslardan təcrid olunmayıb və həkim nəzarətinə götürülməyib.
Polad Aslanov avqustun 29-dan aclıq aksiyasına başlayıb. Bildirilib ki, onun aclığa başlamasına səbəb saxlanıldığı 15 saylı cəzaçəkmə müəssisəsinin tibbi məntəqəsinin mətbəxindən və soyuducusundan istifadəyə qoyulan qadağadır.
“Xebermen” portalının rəhbəri Polad Aslanov 2019-cu ilin noyabrında dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq onun İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini və jurnalist həmkarlarını əməkdaşlığa cəlb etməyə çalışdığını iddia edib.
Jurnalist ittihamları qəbul etmir və həbsinin jurnalist fəaliyyətinə görə olduğunu bildirir.