Sentyabrın 5-də Bakı Apellyasiya Məhkəməsində “Abzas Media işi” üzrə növbəti məhkəmə prosesi baş tutub.
Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Nərgiz Absalamovanın vəkili Günay İsmayılova çıxış edib. O, iş materiallarında müvəkkilinin təqsirini sübuta yetirən heç bir dəlilin olmadığını bildirib və Absalamova üçün bəraət tələb edib.
Daha sonra Nərgiz Absalamova çıxış edib. Jurnalist bank hesablarına qoyulan qadağaya toxunaraq bildirib ki, onun içində sadəcə 13 qəpik olan bank kartı da bloklanıb.
“İş materiallarında içində 13 qəpik olan bank kartım da bloklanıb. Mənim 13 qəpiyimə qalıblar. Demək istəyirəm ki, bəli, biz 13 qəpiklik qaçaqmalçılarıq. Arzu edirəm ki, nə vaxtsa ədalətlə qərar verən, hüququ həqiqətən ali hesab edən və özünə hörmət edən hakimlər məhkəmələri idarə edər. Hələlik isə bu məhkəmə oyundan başqa bir şey deyil. Siz də sizə tapşırılan qərarı icra edirsiniz,” - Absalamova bildirib.
Daha sonra söz alan dövlət ittihamçısı İlkin Yusifov bildirib ki, təqsirləndirilənlərin və onları müdafiə edənlərin iddialarının əksinə olaraq həm ibtidai, həm də məhkəmə istintaqı ədalətli araşdırma aparıb. Həmçinin əlavə edib ki, iş üzrə təqsirləndirilən Məhəmməd Kekalov məhkəmə istintaqı zamanı ibtidai istintaqda verdiyi ifadələrdən imtina etsə də, bu, nəzərə alınmamalıdır. O iddia edib ki, Kekalovun ifadələrinin doğruluğu dəlillərlə sübuta yetirilib. Prokuror birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını istəyib.
Bundan sonra söz alan Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova dövlət ittihamçısına cavab verib. O bildirib ki, müdafiə etdiyi Ülvi Həsənli və digər təqsirləndirilən şəxslərlə bağlı həbs olunduqları gündən etibarən verdikləri heç bir vəsatət təmin edilməyib. Vəkil sual edib ki, belə olan halda hansı ədalətli araşdırmadan söhbət gedə bilər.
Daha sonra digər vəkillər də çıxış edərək müvəkkilləri üçün bəraət tələb ediblər.
Prosesin sonunda təqsirləndirilən şəxslərə də söz verilib. “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı bildirib ki, məhkəmə istintaqı dövründə açar hesab edilə biləcək heç bir şahid məhkəməyə gətirilməyib. Bu da məhkəmənin ədalətli olmadığını və sadəcə verilən qərarı icra etdiyini bir daha sübut edir.
“Biz həbs ediləndən bəri qarşılaşdığımız hüquq-mühafizə orqanlarının bəzi əməkdaşları deyirlər ki, “Bizi başa düşün”. Mən yaxşı anlayıram onlar nəyi nəzərdə tuturlar. Onlar və bu məhkəməni idarə edən siz evinizdə ailənizlə rahat yaşayacaqsınız, yaxşı pullar qazanacaqsınız və biz bunu başa düşməliyik? Bəs burada peşə fəaliyyətini yerinə yetirdiyinə görə həbs edilənləri, içəridə olduğu müddətdə övladı dünyaya gələni, övladının növbəti doğum gününü də görə bilməyəni, həyat yoldaşı ilə evliliklərinin 30 illiyini qeyd edə bilməyənləri kim başa düşəcək? İllərini dəmir barmaqlıqlar arxasında keçirməli olan bizi kim başa düşəcək? Buna görə kim cavab verəcək?” - Sevinc Vaqifqızı çıxışını tamamlayıb.
İş üzrə həbs edilən iqtisadçı Fərid Mehralızadə də söz alaraq dövlət ittihamçısının iddialarına cavab verib. O deyib ki, Məhəmməd Kekalovun ifadələrində onunla bağlı heç bir şey yoxdur, amma buna baxmayaraq, həbs edilib.
“Necə olur ki, Məhəmmədin digər 6 nəfərlə bağlı dediklərini doğru qəbul edirsiniz, amma mənimlə bağlı hissəsində yalançı çıxır? Ya da məhkəmə istintaqı zamanı dəvət etdiyiniz şahidlərin yarısı məni tanımadığını, digər yarısı isə iqtisadçı kimi mediadan tanıdığını bildirdi. Niyə onların mənimlə bağlı ifadələri qəbul edilmədi? İş materiallarında mənim ofisimin “Abzas Media”nın ofisinin içində olduğu iddia edilib. Biz vəkilimlə tələb etdik ki, anten məlumatları çıxarılsın, mənim orada olduğum sübuta yetirilsin. Çünki mən “Abzas Media”nın ofisinin harada olduğunu bilmirəm və bir dəfə də olsun orada olmamışam. Amma bu vəsatətimiz təmin edilmədi? Elə isə dövlət ittihamçısı hansı ədalətli məhkəmə araşdırmasından danışır?” - Mehralızadə bildirib.
Məhkəmə yekun qərarın elanını sentyabrın 9-nadək təxirə salıb.
2023-cü il noyabrından etibarən “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs ediliblər.
Jurnalistlər qaçaqmalçılıq və ağır maliyyə cinayətlərində ittiham ediliblər. Ancaq həm onlar, həm də yerli və beynəlxalq hüquq müdafiəçiləri bu ittihamları rədd edib, cinayət təqibini jurnalist fəaliyyətlərilə əlaqələndiriblər.
İbtidai və məhkəmə istintaqı birlikdə 2 ilə yaxın çəkib.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Abbasova (Vaqifqızı), Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova, Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər.