“Abzas Media işi” yekunlaşıb, amma məhdudiyyətlər qalır: Ülvi Həsənlinin həyat yoldaşına ölkədən çıxış yasağı tətbiq olunub

“Abzas Media işi” yekunlaşıb, amma məhdudiyyətlər qalır: Ülvi Həsənlinin həyat yoldaşına ölkədən çıxış yasağı tətbiq olunub
28 Sentyabr 2025
Mətni dəyiş

“Abzas Media işi” üzrə məhkəmə prosesi başa çatıb və həm birinci instansiya, həm də apellyasiya məhkəməsi ilə jurnalistlərə ağır həbs cəzaları verilib. Buna baxmayaraq, onların ailə üzvlərinə qarşı tətbiq edilən məhdudiyyətlər hələ də qüvvədə saxlanılır.

Məlum olub ki, hazırda həbsdə olan “Abzas Media” direktoru Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyevanın ölkədən çıxışına qadağa qoyulub. 

Quliyeva sentyabrın 28-də həyat yoldaşının finalçılarından biri olduğu Vatslav Havel İnsan Haqları Mükafatının təqdimetmə mərasimində iştirak etmək üçün Strasburqa getməli idi. Lakin hava limanında pasport yoxlanışı zamanı ona Daxili İşlər Nazirliyinin ölkədən çıxışına qadağa qoyduğu bildirilib. Qadağanın hansı işlə bağlı olduğu barədə isə heç bir izahat verilməyib.

Rübabə Quliyeva məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi Samir İsmayılovla əlaqə saxladığını, lakin müstəntiqin vəziyyətdən xəbərsiz olduğunu və araşdırma aparılacağını dediyini bildirib.

Qeyri-iş günü olduğuna görə, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

2023-cü ilin noyabrında “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova, eləcə də iqtisadçı-jurnalist Fərid Mehralızadə həbs edilmişdi. Onlara qarşı qaçaqmalçılıq və maliyyə cinayətləri ittihamları irəli sürülsə də, həm jurnalistlər, həm də beynəlxalq təşkilatlar ittihamların əsassız olduğunu bildiriblər.

İki ilə yaxın davam edən istintaq və məhkəmə araşdırmalarının sonunda iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Həsənli, Vaqifqızı, Babalı və Mehralızadəni 9 il, Absalamova və Qasımovanı 8 il, Kekalovu isə 7 il 6 ay azadlıqdan məhrum edib. 

Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Bununla belə, məhkəmə qərarlarının artıq qüvvədə olmasına baxmayaraq, ailə üzvlərinə qoyulan bank hesablarının bloklanması və ölkədən çıxış məhdudiyyətləri aradan qaldırılmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun