“Abzas Media işi”ndə qərar dəyişmədi: “İlham Əliyev, gəlirlərini bəyan et!”

“Abzas Media işi”ndə qərar dəyişmədi: “İlham Əliyev, gəlirlərini bəyan et!”
9 Sentyabr 2025
Mətni dəyiş

Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsində “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərin həbs qərarından verilmiş şikayətə baxılıb.

Hakim Zəfər Əhmədovun sədrlik etdiyi məhkəmə prosesində Bakı Ağır Cinayətlər Məhkəməsində verilən qərar qüvvədə saxlanılıb.

Hakim heyəti müşavirədən sonra yekun qərarı oxuyarkən “Abzas Media”nın qadın jurnalistləri Məmməd Səid Ordubadinin şeirindən bir bənd səsləndiriblər.

Azadələrin zülm ilə meydanına çıxma!
Hər ölkəni al, vur bütün aləmlərə zərbə,
Sox məhbəsə insanları, sür məqtəli-hərbə!
Lakin onu bil, hər nə ki, bidad edəcəksən
Bir gün gələcək sən dəxi fəryad edəcəksən.

Jurnalistlər eyni zamanda üzərində “Əliyev, gəlirlərini bəyan et!”, “Korrupsiya cinayətdir, jurnalistika cinayət deyil!”, “Azad media susdurula bilməz!” şüarları yazılmış plakatlar qaldırıblar. Penitensiar Xidmətin əməkdaşları plakatları jurnalistlərin əlindən almaq istəyərkən mübahisə yaranıb. Konvoy əməkdaşları qadın jurnalistlərə qarşı zorakılıq ediblər.

2023-cü il noyabrından etibarən “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs ediliblər.
 
Jurnalistlər qaçaqmalçılıq və ağır maliyyə cinayətlərində ittiham ediliblər. Ancaq həm onlar, həm də yerli və beynəlxalq hüquq müdafiəçiləri bu ittihamları rədd edib, cinayət təqibini jurnalist fəaliyyətlərilə əlaqələndiriblər.
 
İbtidai və məhkəmə istintaqı birlikdə 2 ilə yaxın çəkib.
 
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Abbasova (Vaqifqızı), Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova, Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun