Sentyabrın 25-də “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı və əməkdaşları Nərgiz Absalamova ilə Elnarə Qasımova Lənkəranın Qurumba kəndində yerləşən Penitensiar Kompleksə köçürülüblər.
Bu barədə “Abzas Media”ya jurnalistlərin yaxınları məlumat verib.
Onların sözlərinə görə, jurnalistlər Bakı İstintaq Təcridxanasından köçürülən zaman rəis müavini Cavid Gülalıyev tərəfindən Nərgiz Absalamovaya ona qarşı kobudluq edilib.
Yaxınlarının bildirdiyinə görə, köçürülmə prosesi qəfil olub:
“Səhər saat 9-da onlara deyiblər ki, 1 saata hazır olun. Lənkərana çatana qədər hara aparıldıqlarını bilməyiblər.”
Jurnalistlər Bakıdan Lənkərana iki-üç saatlıq məsafənin yaxınları ilə görüşlər üçün ciddi çətinlik yaratdığını bildirirlər.
Onlar başqa rayonda yerləşən müəssisəyə köçürülməyi məhz yazılarına görə olduğunu deyirlər.
2023-cü il noyabrından etibarən “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs ediliblər.
Jurnalistlər qaçaqmalçılıq və ağır maliyyə cinayətlərində ittiham ediliblər. Ancaq həm onlar, həm də yerli və beynəlxalq hüquq müdafiəçiləri bu ittihamları rədd edib, cinayət təqibini jurnalist fəaliyyətlərilə əlaqələndiriblər.
İbtidai və məhkəmə istintaqı birlikdə 2 ilə yaxın çəkib.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Abbasova (Vaqifqızı), Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova, Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər.
Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.