“Amnesty International” Azərbaycanda həbsdə olan iki tədqiqatçının azadlığı üçün kampaniya başladıb

“Amnesty International” Azərbaycanda həbsdə olan iki tədqiqatçının azadlığı üçün kampaniya başladıb
17 Sentyabr 2025
Mətni dəyiş

“Amnesty International” beynəlxalq insan haqları təşkilatı Azərbaycanda həbsdə olan elmi tədqiqatçılar Bəhruz Səmədov və İqbal Əbilovun azadlığa buraxılması üçün kampaniyaya start verib. 

Bu barədə “Toplum TV” xəbər verir.

Təşkilat Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanacaq məktublar vasitəsilə ictimaiyyətin fəal olmasına çağırıb. Bunun üçün “Amnesty International” məktub nümunəsi də hazırlayıb.

Həmin müraciətdə qeyd olunur ki, Səmədov və Əbilov qondarma ittihamlarla, siyasi motivlərə əsaslanan səbəblərlə həbs edilib:

“İqbal Əbilov və Bəhruz Səmədovun saxta ittihamlarla uzunmüddətli həbs cəzalarına məhkum edilməsi, akademik dairələrdə tənqidin qarşısını almaq və siyasi cəhətdən həssas mövzuların müzakirəsini əngəlləmək kampaniyasının bir hissəsidir”.

Məktubda Əliyevdən hər iki tədqiqatçını “dərhal və qeyd-şərtsiz azad etməsi” tələb olunur. Onların azadlığa buraxılana qədər adekvat tibbi yardımla təmin olunması, müstəqil müşahidəçilərlə görüş imkanı verilməsi və dövlət tərəfindən təyin olunmuş müdafiəçilərin onlara baş çəkməsi vurğulanır.

Bundan başqa, təşkilat hakimiyyəti “dinc tənqidçilərə, jurnalistlərə və fəallara qarşı genişmiqyaslı təqibləri dayandırmağa və Azərbaycanın beynəlxalq insan haqları öhdəliklərinə riayət etməsinə” çağırır.

Bəhruz Səmədov Çexiyanın Karlova Universitetinin doktorantı, sülh fəalıdır. Onu 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları saxlayıb, evində axtarış aparılıb və dövlətə xəyanətdə ittiham olunub. 2025-ci il iyunun 23-də 15 il həbs cəzasına məhkum edilib. Bundan sonra Səmədov intihara cəhd edib. Yerli və beynəlxalq təşkilatlar onun həbsini siyasi motivli sayır.

İqbal Əbilov virtual “Talış Milli Akademiyası”nın mətbu orqanı olan “Talış Milli Akademiyasının xəbərləri”nin baş redaktorudur. DTX onu 2024-cü il iyulun 22-də Masallının Bala Kolatan kəndində saxlayıb. 2025-ci il mayın 20-də 18 il azadlıqdan məhrum edilib. Əbilov ittihamları rədd edir və fəaliyyətinin sırf elmi xarakter daşıdığını bildirir.

Hüquq müdafiəçiləri hər iki şəxsi siyasi məhbus kimi tanıyıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun