Avropa Məhkəməsi keçmiş “NİDA”çılarla bağlı qərarını elan edib

Avropa Məhkəməsi keçmiş “NİDA”çılarla bağlı qərarını elan edib
25 Sentyabr 2025
Mətni dəyiş

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 25-də “NİDA” Vətəndaş Hərəkatının keçmiş üzvləri Məmməd Əzizov və Şahin Novruzlunun şikayətləri ilə bağlı qərarını elan edib.

Məlumatı vəkil Fariz Namazlı özünün “Facebook” hesabında paylaşıb.

Namazlının sözlərinə görə, hər iki fəal barəsində 2022-ci ildə Ali Məhkəmənin Plenumu bəraət hökmü çıxarıb. Hökumət isə bu bəraəti və Nəsimi Rayon Məhkəməsinin kompensasiya qərarını əsas gətirərək işin siyahıdan çıxarılmasını xahiş edib.

AİHM qərarında qeyd edib ki, ərizəçilərdən biri 1 il 7 ay, digəri 3 il həbsdə olub, daha sonra əfv edilərək 2022-ci ildə bəraət alıblar. Onlar ümumilikdə 8 il 4 ay cəmiyyətin gözündə günahkar hesab olunublar. Məhkəmə vurğulayıb ki, Ali Məhkəmənin Plenumunun qərarı qısa əsaslandırılıb və Konvensiya pozuntuları açıq şəkildə tanınmayıb. Buna görə də kompensasiya ödənilməsinə baxmayaraq, şikayətlərin qəbuledilməz elan olunması mümkün deyil.

Eyni zamanda, AİHM yerli məhkəmələr tərəfindən təyin edilən kompensasiya məbləğini əsassız saymayıb, lakin ərizəçilərin şikayət etdiyi hallar artıq mövcud olmadığından işi siyahıdan çıxarıb. Bununla yanaşı, Azərbaycan hökuməti Əzizov və Novruzluya məhkəmə xərcləri üçün müvafiq olaraq 1000 və 500 avro ödəməlidir.

“Bu iş üzrə ərizəçilərin nümayəndələri Xalid Bağırov, Nemət Kərimli və mən idim. Bununla Avropa Məhkəməsində uduşlu işlərin sayı 57 ərizəçi üzrə 30-cu qərar oldu”, - Fariz Namazlı bildirib.

2014-cü ilin mayında Bakı Ağır Cinayətlər Məhkəməsi “NİDA” fəallarına müxtəlif müddətli həbs cəzaları kəsmişdi. Onlar narkotik, silah saxlama və kütləvi iğtişaşlarda iştirakda ittiham olunmuş, 2016-cı ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılmışdılar. Fəallar ittihamları siyasi fəaliyyətləri ilə əlaqələndirmiş, “Amnesty International” isə onları “vicdan məhbusu” kimi tanımışdı.

AİHM 2021-ci ildə bu iş üzrə qərar çıxararaq Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq) və 18-ci (siyasi məqsədlərlə hüquqların məhdudlaşdırılması) maddələrinin pozuntusunu tanımış, Azərbaycan hökumətini Əzizov və Novruzluya ümumilikdə 43 min 500 avro təzminat ödəməyə məcbur etmişdi.

Daha əvvəl AİHM digər NİDA fəalları – Rəşad Həsənov, Zaur Qurbanlı, Üzeyir Məmmədli və Rəşadət Axundovla bağlı da oxşar qərar qəbul etmişdi.
 
Məhkəmə adı çəkilən şəxslərin Avropa İnsan Hüquqları Konvensiyasının 5.1 (şəxsi azadlıq hüququ) və 18 (siyasi məqsədlərə görə hüquqların məhdudlaşdırılması) maddələrinin pozuntusunu tanıyıb.
Hər birinə mənəvi zərərə görə 20 000 avro, məhkəmə məsrəflərinə görə 3000-5000 avro kompensasiya ödənilməsinə dair qərar verilib.

Bu qərar ictimai fəalların 2013-cü il zamanı barələrində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı verilib.
 
2021-ci ilin fevral ayında isə Ali Məhkəmənin Plenumu Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli və Zaur Qurbanlıya bəraət vermişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun