Belarusda 52 siyasi məhbus azadlığa çıxarılıb. Onların arasında Litva, Latviya, Polşa, Almaniya, Fransa və Böyük Britaniya vətəndaşları da var. Azad olunanlar arasında “Azadlıq Radiosu”nun Belarus xidməti ilə əməkdaşlıq edən jurnalist İqor Losik də yer alır.
İqor Losik 2020-ci il iyunun 25-də Belarusda prezident seçkilərinə bir neçə həftə qalmış həbs olunub. 2021-ci ilin dekabrında o, “ictimai asayişin pozulması” və “kütləvi iğtişaşların təşkili” ittihamları ilə 15 il müddətinə ciddi rejimli koloniyada azadlıqdan məhrum edilib.
2022-ci ilin oktyabrında jurnalistin həyat yoldaşı Darya Losik də saxlanılıb, 2023-cü ilin yanvarında isə “ekstremist fəaliyyətə yardım” ittihamı ilə iki il həbs cəzası alıb. O, “Belsat” telekanalına verdiyi müsahibədə həyat yoldaşını “siyasi məhbus” adlandırdığına görə ittiham olunub. Darya bir neçə ay öncə, digər siyasi məhbus Sergey Tixanovskiy ilə birlikdə azad edilib.
Losik illərlə koloniya daxilində işgəncələrə məruz qalıb, ailəsi ilə əlaqə saxlamasına imkan verilməyib və təbliğat vasitəsi kimi istifadə olunub.
“Beş ildən artıq haqsız həbsdən sonra jurnalist İqor Losik azadlığa çıxdı. Onun ədalətsiz və ağrılı sınaqları nəhayət ki, başa çatdı”, - xəbəri şərh edən “Azadlıq Radiosu”nun prezidenti Stiv Kapus bildirib.
Kapus ABŞ prezidenti Donald Trampa, dövlət katibi Marko Rubiaya, xüsusi nümayəndənin müavini Con Koula, Litva hökumətinə və mətbuat azadlığını müdafiə edən təşkilatlara təşəkkür edib. O, Losiki şəxsən Vilnüsdə qarşılayıb.
Siyasi məhbusların azadlığa buraxılması ABŞ prezidentinin xüsusi elçisi Con Koulun Minskə səfəri çərçivəsində baş verib. Məlumata görə, məsələ Donald Tramp və Aleksandr Lukaşenko arasında, avqustun ortalarında Alyaskada Vladimir Putinlə görüşdən öncə müzakirə olunub.
Eyni vaxtda Vaşinqton Belarusun dövlət aviaşirkəti “Belavia”ya qarşı tətbiq edilən sanksiyaları ləğv etdiyini açıqlayıb.