Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Bakı Apellyasiya Məhkəməsinin “Abzas Media”nın altı əməkdaşı və “Azadlıq Radiosu”nun əməkdaşı Fərid Mehralızadə barəsində çıxarılan həbs qərarlarını qüvvədə saxlamasını pisləyib.
““Abzas Media işi” üzrə yeddi jurnalistin şikayətlərinin rədd edilməsi bir daha göstərir ki, Azərbaycan hakimiyyəti dövlət məmurlarının korrupsiya əməlləri barədə güzəştsiz araşdırmalara tab gətirə bilmir. Azərbaycan bu jurnalistləri, eləcə də 2023-cü ilin sonundan həbs edilən digər təxminən 20-yədək mətbuat nümayəndəsini dərhal azad etməlidir” - CPJ-nin Avropa və Mərkəzi Asiya proqramının koordinatoru Gulnoza Said bəyan edib.
Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsində “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərin həbs qərarından verilmiş şikayətə baxılıb. Hakim Zəfər Əhmədovun sədrlik etdiyi məhkəmə prosesində Bakı Ağır Cinayətlər Məhkəməsində verilən qərar qüvvədə saxlanılıb.
Hökm oxunarkən jurnalistlər “Korrupsiya cinayətdir, jurnalistika cinayət deyil!” şüarı yazılmış plakatlar qaldırıblar.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Abbasova (Vaqifqızı), Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova, Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər.
2023-cü il noyabrından etibarən “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs ediliblər.
Jurnalistlər qaçaqmalçılıq və ağır maliyyə cinayətlərində ittiham ediliblər. Ancaq həm onlar, həm də yerli və beynəlxalq hüquq müdafiəçiləri bu ittihamları rədd edib, cinayət təqibini jurnalist fəaliyyətlərilə əlaqələndiriblər.
Hazırda Azərbaycanda azı 20-dən çox jurnalist və media işçisi Qərb donorlarından maliyyə almaq ittihamı ilə həbsdə saxlanılır. Avropa İnsan Haqları Məhkəməsi isə oxşar hallarda yalnız inzibati cərimələrin tətbiq olunmalı olduğunu, cinayət məsuliyyətinin əsassız olduğunu vurğulayıb.
CPJ İlham Əliyevin administrasiyasına şərh üçün müraciət etsə də, cavab almadığını bildirib.