Hakim Azər Qasımlının vəkilinə vəsatətini sona qədər oxumağa imkan verməyib

Hakim Azər Qasımlının vəkilinə vəsatətini sona qədər oxumağa imkan verməyib Foto: Amerikanın Səsi
25 Sentyabr 2025
Mətni dəyiş

Sentyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Prosesdə istintaqın zərərçəkən kimi tanıdığı Qurbanəli Yusifov Qasımlının vəkillərinin suallarını cavablandırıb.

Müdafiə tərəfinin sözlərinə görə, hakim Telman Hüseynov iclas zamanı bəzən vəkillərin suallarını kəsib, hətta “zərərçəkən” adlandırılan şəxsin əvəzinə cavab verib.

Buna baxmayaraq, vəkillər Yusifovun ifadələrində ciddi ziddiyyətlər olduğunu sübut ediblər. Belə ki, o, istintaqa verdiyi birinci ifadəsində zəng aldığı vaxt Antalyada, ikinci ifadəsində isə Bakıda olduğunu bildirib. Yusifov bu ziddiyyətin səbəbini izah edə bilməyib.

Həmçinin Yusifov istintaqa zəngin edildiyi nömrənin ekran görüntüsünü təqdim etdiyini desə də, materiallarda belə bir dəlil yer almayıb.

Müdafiə tərəfinin Yusifovun ifadələrinin saxta olduğunu əsas gətirərək sübutlar siyahısından çıxarılması barədə verdiyi vəsatət qəbul edilməyib. Hakim vəkilin vəsatəti sona qədər oxumasına imkan verməyib.

Məhkəmənin növbəti iclası oktyabrın 1-də keçiriləcək. Bu dəfə Azər Qasımlının ifadəsi dinləniləcək.

Azər Qasımlı 2023-cü il dekabrın 8-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi ilə (hədə-qorxu ilə tələb etmə, zor tətbiqi ilə törədildikdə) ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib. Qasımlı ittihamların qondarma və siyasi motivli olduğunu bəyan edir.
 
Politoloq bundan əvvəl də 2018-ci ildə Bakıda keçirilən etiraz aksiyasına rəhbərlik etdiyinə görə 30 sutkalıq inzibati həbs cəzası alıb.
 
2023-cü ilin sonundan etibarən Azərbaycanda müstəqil media və vətəndaş cəmiyyəti üzərinə repressiyaların genişləndiyi müşahidə olunur. Hüquq müdafiəçilərinin hesabatlarına əsasən, hazırda ölkə həbsxanalarında təxminən 400-ə yaxın siyasi məhbus saxlanılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun