7 il azadlıqdan məhrum edilən keçmiş diplomat Emin İbrahimov hələ də ciddi rejimli Umbakı Penitensiar Kompleksində saxlanılır. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi sosial şəbəkə hesabında məlumat paylaşıb.
Seymur Həzi birinci instansiya məhkəməsinin hökmündən sonra İbrahimovun Umbakıya köçürüldüyünü bildirib. Onun sözlərinə görə, vəkilləri apellyasiya şikayəti versə də, məhkəmə həmin şikayəti təmin etməyib. Qanunvericiliyə görə, İbrahimov açıq rejimli müəssisəyə keçirilməli olsa da, hələ də ciddi rejimli həbsxanada saxlanılır.
“Emin İbrahimova rəsmən işgəncə verilir. Hökmün qüvvəyə minməsindən üç aya yaxın vaxt keçməsinə baxmayaraq, o, hələ də qapalı rejimdə saxlanılır. Bu, Konstitusiyaya, Cəzaların İcrası Məcəlləsinə və qoşulduğumuz Avropa Penitensiar Qaydalarına ziddir”, – deyə Seymur Həzi bildirib.
Emin İbrahimov 2023-cü ilin iyulun 24-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
İbrahimov 2020-ci ildə Xarici İşlər Nazirliyinə ərizə yazaraq, ölkədə insan hüquqlarının boğulduğunu, seçkilərin saxtalaşdırıldığını bildirib və belə şəraitdə işləmək istəmədiyi üçün diplomatik xidmətdən ayrılıb.
Bundan öncə, 2023-cü ilin sentyabrında o, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (internetdə qadağan olunan məlumatların yayılması) 30 sutka həbs edilmişdi. Keçmiş diplomat həmin vaxt qanun pozmadığını, yalnız sosial şəbəkədə öz fikirlərini paylaşdığına görə cəzalandırıldığını söyləmişdi.
Müstəqil yerli və beynəlxalq təşkilatlar Azərbaycanda 400-ə yaxın siyasi məhbus olduğunu bildirir. Hakimiyyət isə bu iddiaları rədd edərək, ölkədə yalnız qanun pozuntusuna görə məsuliyyətə cəlb etmələrin olduğunu vurğulayır.