“Meydan TV işi” üzrə saxlanılan bəzi jurnalistlərin həbs müddəti uzadılıb

“Meydan TV işi” üzrə saxlanılan bəzi jurnalistlərin həbs müddəti uzadılıb
17 Sentyabr 2025
Mətni dəyiş

“Meydan TV işi” ilə bağlı həbs olunan bəzi jurnalistlərin həbs müddəti daha üç ay artırılıb. 

Xətai rayon Məhkəməsində sentyabrın 16-da keçirilən ayrı-ayrı proseslərdə Fatimə Mövlamlı, Ülviyyə Quliyeva (Əli) və Şəmşad Ağayevin, sentyabrın 17-də isə Nurlan Qəhrəmanlının (Libre) barəsində belə qərar çıxarılıb.

Ötən ilin dekabrında “Meydan TV”yə qarşı başlanmış polis əməliyyatı çərçivəsində bir neçə jurnalist saxlanılıb. İlk mərhələdə Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Aynur Qənbərova (Elgünəş), Natiq Cavadlı, Ramin Cəbrayılzadə (Deko), Xəyalə Ağayeva və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov həbs olunub. 

Daha sonra – bu ilin fevral və may aylarında “Arqument az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev, jurnalistlər Nurlan Qəhrəmanlı (Libre), Fatimə Mövlamlı, Ülviyyə Quliyeva (Əli) da eyni iş üzrə saxlanılıb.

Avqustun 28-də jurnalist Əhməd Muxtarın da “Meydan TV işi” çərçivəsində həbs edildiyi bildirilib.

Jurnalistlər əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq – qabaqcadan əlbir olan qrup şəklində törədildikdə) ilə ittiham olunublar. Avqust ayında isə onlara qarşı ittihamlar daha da ağırlaşdırılaraq qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması, qaçaqmalçılıq, vergidən yayınma və sənəd saxtalaşdırma kimi əlavə maddələr irəli sürülüb.

Jurnalistlər bütün ittihamları rədd edir, həbslərinin siyasi sifariş olduğunu və peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun