Sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsində “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayevin işi üzrə proses keçirilib.
Məhkəmə fəalın 6 ay müddətinə ciddi rejimli həbsxanaya köçürülməsi ilə bağlı qərardan verilən apellyasiya şikayətini təmin etməyib. Prosesə hakim Elmar Rəhimov sədrlik edib.
Bu barədə “Meydan TV”yə Elvin Mustafayevin atası Əli Mustafayev məlumat verib. Onun sözlərinə görə, ailə və vəkil Zibeydə Sadıqova məhkəmədə qərarın əsassız olduğunu vurğulasa da, şikayət qəbul edilməyib:
“Dedik ki, günahsız olduğu halda Elvinə 6 ay iş verilib. Vəkil də danışdı, amma məhkəmə onların heç birini nəzərə almadı”.
Elvin Mustafayev mayın 6-da saxlanıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsində siyasətçi Tofiq Yaqublunun azadlığa buraxılması tələbilə aclıq aksiyasına başladıqdan sonra 14 günlük cərimə kamerasına salınıb, bu müddətdə isə 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Mayın 19-da ümumi kameraya keçirilməsi gözlənilsə də, cərimə müddəti 10 gün artırılıb. Sonradan onun cərimə kamerasında saxlanma müddəti daha bir ay uzadılıb.
İyulun 10-da Nizami Rayon Məhkəməsi 6 saylı Cəzaçəkmə Müəssisəsinin təqdimatını təmin edərək onun ciddi rejimli həbsxanaya köçürülməsinə qərar verib. Təqdimatda Mustafayevin daxili intizam qaydalarını pozduğu, müxalifətçiliklə məşğul olduğu və əsassız şikayətlər etdiyi iddia olunub. Fəal isə ittihamları rədd edərək, bunları təzyiq və bəhanə adlandırıb, müəssisə rəhbərliyinin onu döyüldüyünü bildirib.
Elvin Mustafayev 2023-cü il yanvarın 31-də 3 il müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı əvvəlcə satış məqsədilə külli miqdarda narkotik daşıma ittihamı irəli sürülsə də, məhkəmə sonradan bu ittihamı dəyişdirərək onu satış məqsədi olmadan külli miqdarda narkotik saxlamaqda təqsirli bilib.
Fəal ittihamları qəbul etmir və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir. Hüquq müdafiəçiləri də Elvin Mustafayevi siyasi məhbus kimi tanıyırlar. Onların açıqlamalarına görə, hazırda Azərbaycanda 370-dən çox siyasi məhbus var. Rəsmi qurumlar isə bu iddiaları təkzib edir.