Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Stavropol bölgəsində Azərbaycan vətəndaşının saxlanıldığını açıqlayıb. “TASS” dövlət agentliyinin məlumatına görə, o, terror aktı hazırlamaqda ittiham olunur.
FTX iddia edir ki, saxlanılan şəxs Rusiyada qadağan olunmuş “terrorçu təşkilata” qoşulub və rəhbərlərin tapşırığı ilə Yessentukidə və Stavropolda hücum üçün nəzərdə tutulmuş obyektlər barədə kəşfiyyat aparıb. Məlumata görə, həmin obyektlər arasında hüquq-mühafizə orqanlarının inzibati binaları və nəqliyyat infrastrukturunun bir sıra hissələri olub.
Məlumata görə, o, partlayıcı qurğular hazırlamaq üçün lazım olan komponentləri əldə edərək gizlətdiyi yerdə saxlayıb və bir neçə partlayıcı qurğu hazırlamağı planlaşdırıb. Xidmət həmçinin iddia edir ki, həmin şəxs əvvəllər Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrində xidmət edib və hərbi təcrübəsini terror aktı hazırlığında istifadə etmək niyyətində olub.
FTX onun Ukrayna tərəfi ilə əməkdaşlıq etdiyini də irəli sürüb.
Azərbaycan rəsmi qurumları isə hələlik məsələ ilə bağlı hər hansı açıqlama verməyib.