Ankara İnzibati Məhkəməsi Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəylinin deportasiya qərarının dayandırılması ilə bağlı şikayətini təmin etməyib. Bu barədə Hacıbəyli öz sosial şəbəkə hesabında məlumat paylaşıb.
Türkiyədə Çatalca Deportasiya Mərkəzində saxlanılan Gültəkin Hacıbəyli G-82 kodunun götürülməsi ilə bağlı müraciəti çərçivəsində isə İstanbul Valiliyinə sorğu göndərdiyini bildirib.
Hacıbəylinin sözlərinə görə, İstanbul Valiliyi Köç İdarəsi Ankara İnzibati Məhkəməsinin sorğusuna cavabında kodun MİT-in 19.11.2025 tarixli 197899223 saylı yazısı əsasında verildiyini göstərib. O, bu sənəddə “Türkiyə dövlətinin təhlükəsizliyi üçün təhlükə yaratdığı” iddiasının yer aldığını yazıb.
Hacıbəyli Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalına müraciət edərək iddianın əsassız olduğunu, siyasi-ictimai fəaliyyətinin “hüquqi və demokratik prinsiplərə uyğun” olduğunu qeyd edib:
“Budurmu sizin ədalətiniz? Mənim bütün siyasi-ictimai fəaliyyətim göz önündə olub və hər zaman hüquqi və demokratik prinsiplərə uyğun fəaliyyət göstərmişəm. İndi isə sizin rəhbərlik etdiyiniz MİT heç bir əsas və dəlil olmadan, tamamilə uydurma və saxta bir məlumat təqdim edərək məni adı və varlığı bilinməyən, real həyatda olmayan xəyali bir terror təşkilatına üzvlükdə suçlayır”.
O, həmçinin Türkiyə-Azərbaycan münasibətlərinə dair mövqeyini xatırladaraq yazıb:
“Mənim bütün siyasi fəaliyyətim boyu Türkiyə və Azərbaycan arasında strateji birliyin daha da möhkəmləndirilməsini, qardaş Türkiyə ilə bağlı xalqımızda sevgi və rəğbətin yaradılmasını təbliğ etmişəm. İndi isə Türkiyənin MİT-i məni Türkiyənin düşmənləri ilə eyniləşdirərək, tamamilə yalan və uydurma əsaslarla məni terrorçu kimi şərləyir”.
Hacıbəyli MİT-in məlumatının geri götürülməsini tələb edib və mümkün nəticələr barədə də xəbərdarlıq edib:
“Mən sizi MİT adından İstanbul Valiliyinə verdiyiniz hüquqa və ədalətə zidd olan əsassız məlumatı geri götürməyə çağırıram. Nəzərə alın ki, MİT-nin haqqımdakı saxta və yalan məlumatı əsasında Ankara İdarə Məhkəməsi üzərimdəki G-82 kodunu saxlayan qərar versə və bu siyasi sifarişli qərar əsasında mən məcburən Azərbaycana həbsə göndərilsəm, bu, Azərbaycan xalqında Türkiyə ilə bağlı dərin məyusluğa və xəyal qırıqlığına səbəb olacaq”.
Müraciətin sonunda Hacıbəyli Azərbaycanda “terror təşkilatlarının olmadığını” bildirib və G-82 kodunun əsaslandırılmasını tələb edib:
“Siz məndən də daha yaxşı bilirsiniz ki, bu gün Azərbaycanda hər hansı terror təşkilatı və buna bənzər fəaliyyətlər yoxdur. O zaman mən adı və fəaliyyəti olmayan hansı terror təşkilatına üzvlükdə şübhəli biliniriəm? Sizdən ricam, mənim barəmdə bu saxta və uydurma məlumatı hazırlayıb Türkiyə dövlətinin Azərbaycan cəmiyyətindəki nüfuzuna və ədalətinə güvənsizlik yaradanlardan bu hesabatı hansı dəlil və faktlara əsasən hazırladıqlarını soruşmağınızdır”.
Gültəkin Hacıbəyli noyabrın 29-da Türkiyədə yaşadığı evdən aparılıb və “milli təhlükəsizlik üçün təhlükə yaradan xaricilər” kateqoriyası üzrə G-82 kodu ilə “idarə nəzarətinə” götürülüb. Dekabrın 15-də isə onun barəsində 5 il müddətinə Türkiyədən deportasiya qərarı çıxarıldığı qeyd olunur.
Hacıbəyli deportasiya qərarını siyasi xarakterli saydığını, geri göndərilməsi halında həbs olunacağını bildirib. Gültəkin Hacıbəylinin saxlanılmasının Azərbaycanda AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət heyətinin üzvü Məmməd İbrahimin həbsi ilə əlaqədar “Ramiz Mehdiyev işi” çərçivəsində baş vermiş ola biləcəyi ehtimal edilir.