Yanvarın 22-də Bakı Apellyasiya Məhkəməsində Çexiyanın Karlova Universitetinin doktorantı, sülh fəalı Bəhruz Səmədovun Umbakı qəsəbəsindəki Penitensiar Kompleksə köçürülməsi ilə bağlı şikayətinə baxılıb.
Hakim Murad Məmmədovun sədrlik etdiyi prosesdə Bəhruz Səmədov bir neçə vəsatət qaldırıb.
Fəalın nənəsi Zibeydə Osmanovanın “Meydan TV”yə verdiyi məlumata görə, Bəhruz Səmədov məhkəmədə psixoloji vəziyyəti ilə bağlı ekspertiza təyin olunmasını istəyib. O, həmçinin 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Şakir Qəniyevin iş üzrə şahid kimi dindirilməsini tələb edib.
Səmədovun vəkili Zibeydə Sadıqova da məhkəməyə iki vəsatət təqdim edib. Vəkilin sözlərinə görə, fəalın saxlanılarkən üzərində axtarış aparılması zamanı baş verənlərlə bağlı kamera görüntüləri məhkəməyə təqdim olunmalıdır. Digər vəsatət isə protokol tərtib edən əməkdaşların şahid qismində dindirilməsi ilə bağlı olub.
Hakim təqdim olunan vəsatətlərin heç birini təmin etməyib. Bəhruz Səmədov məhkəmədə çıxış etmək üçün vaxt istəyib. Növbəti məhkəmə prosesi yanvarın 29-na təyin olunub.
Səmədovun işi üzrə əvvəlki mərhələlərdə bildirilib ki, o, oktyabrın 21-də saxlandığı 11 saylı Cəzaçəkmə Müəssisəsində “daxili qaydaları pozmaq” ittihamı ilə cərimə kamerasına (“kars”) salınıb. Vəkili bu qərarın qanunsuz olduğunu deyib. Noyabrın 17-də keçirilən iclasda şikayətə baxılmadığı, işin Bakı İnzibati Məhkəməsinə yönləndirildiyi qeyd olunur. Həmin iclas zamanı müəssisə rəhbərliyi Səmədovun Umbakı qəsəbəsindəki Penitensiar Kompleksin qapalı hissəsinə köçürülməsi barədə təqdimat verib.
Məlumata görə, Bəhruz Səmədov 2025-ci il dekabrın 1-də 1 il müddətinə Umbakı qapalı tipli həbsxanasının ağır rejimli hissəsinə köçürülüb.
Bəhruz Səmədovu Dövlət Təhlükəsizliyi Xidməti 2024-cü il avqustun 21-də saxlayıb. O, dövlətə xəyanətdə ittiham olunub. 2025-ci il iyunun 23-də məhkəmə Səmədovu 15 il azadlıqdan məhrum edib. Sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Səmədov özünü təqsirli bilmir. Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları onun həbsini siyasi motivli saydıqlarını bildiriblər.