Azər Qasımlının işi: “Əgər hədə-qorxu ilə borc qəbzi imzalatdırmışamsa, altı ay sonra niyə mənə yenidən işbirliyi təklif edirdi?”

Azər Qasımlının işi: “Əgər hədə-qorxu ilə borc qəbzi imzalatdırmışamsa, altı ay sonra niyə mənə yenidən işbirliyi təklif edirdi?” Foto: Amerikanın Səsi
8 Yanvar 2026
Mətni dəyiş

Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru, siyasətçi Azər Qasımlıya qarşı açılmış cinayət işi üzrə məhkəmə prosesi davam edib.

“Azadlıq Radiosu”nun məlumatına görə, məhkəmədə iş üzrə sənədlərin tədqiqi mərhələsi çərçivəsində daha bir neçə sənəd, o cümlədən şahid ifadəsi, Qasımlının təqdim etdiyi səs yazıları və mesajlar açıqlanıb. Səs yazılarında Qasımlı ilə bu iş üzrə zərərçəkmiş qismində tanınmış Qurbanəli Yusifov arasında danışıqların yer aldığı bildirilir.

Açıqlanan sənədlərə münasibət bildirən Azər Qasımlı deyib ki, təqdim olunan materiallar onun təqsirsizliyini göstərir. Onun sözlərinə görə, zərərçəkmişin tanışı Rəvanın şahid ifadəsində kriptovalyuta hesabındakı əməliyyatlardan bəhs edilir və şahid həmin hesabın Azər Qasımlıya deyil, Qurbanəli Yusifova aid olduğunu düşündüyünü bildirib. Qasımlının sözlərinə görə, şahid ifadəsində hesab sahibindən xəbərsiz aparılan əməliyyatlar nəticəsində ciddi zərərin yarandığı da qeyd olunur. Siyasətçi bunu zərərçəkmişin onu “ziyana salmasının” sübutu kimi qiymətləndirib.

Açıqlanan səs yazılarında isə borcla bağlı danışıq getdiyi qeyd olunub. Qasımlı bildirib ki, danışıqlarda Qurbanəli Yusifov atasının xəstə olduğunu, problemlərinin yarandığını və pulu qısa müddətdə qaytaracağını deyir. Qasımlı əlavə edib ki, həmin söhbətlərdə təhdid olmadığı qənaətindədir:

“Bu söhbətlərin heç birində təhdid yoxdur. Əksinə, mənə yenidən işbirliyi təklif edir. Mənə deyir ki, sosial şəbəkədən sizin uğurlarınızı oxuyuram, buna görə sevinirəm, sizi təbrik edirəm. Bu adamı təhdid etmişəmsə, necə ola bilər ki, ona qarşı bu əməli törədənin uğurlarına sevinsin, onu təbrik etsin? Buna hədə-qorxu altında borc qəbzi imzalatdırmışamsa, altı ay sonra niyə mənə yenidən işbirliyi təklif edirdi?”

Prosesə sədrlik edən hakim Telman Hüseynov sənədlərin elanı mərhələsinin də yekunlaşdığını bildirib. Yanvarın 14-də keçiriləcək növbəti iclasda vəkillərin araşdırılmasını istədikləri məsələlərlə bağlı vəsatətlər təqdim edəcəyi, ardınca çıxışlar mərhələsinin başlanacağı qeyd olunub.

Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 182.2.3-cü (zor tətbiqi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Qasımlı ittihamı siyasi sifariş kimi qiymətləndirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun