İranda hakimiyyət orqanları 2025-ci ilin sonundan başlayan hökumətə qarşı kütləvi etirazlardan sonra repressiv tədbirləri sərtləşdirib. Etirazlara dəstək ittihamı ilə əmlakların müsadirə edildiyi, bizneslərin bağlandığı və media qurumlarına qarşı sanksiyaların tətbiq olunduğu bildirilir.
“Financial Times” yazır ki, Tehran Baş Prokurorluğu yanvarın 20-də “etirazlara təhrik” ittihamı ilə 20-dən çox idmançı, aktyor və kino sahəsi nümayəndəsi barədə cinayət işi açıldığını bildirib. Qurumun iddiasına görə, həmin şəxslərə aid əmlak etirazlar zamanı dəyən “zərərin kompensasiyası” üçün istifadə olunacaq.
Məlumata əsasən, təxminən 60 kafe “birbaşa və ya dolayısı ilə” “terror aktlarını” dəstəkləməkdə ittiham olunub. “Financial Times” İranın “Tasnim” agentliyinə istinadla bildirir ki, ölkədə populyar olan qəhvəxanalar şəbəkəsi və ticarət mərkəzi ilə tanınan sahibkar Məhəmməd Səədiniya saxlanılıb və onun əmlakı müsadirə edilib.
Eyni zamanda, hakimiyyət orqanlarının etirazlar zamanı dövlət xəstəxanalarının işi barədə materiallara görə reformist “Ham-Mihan” qəzetinin fəaliyyətini dayandırdığı bildirilir. Daha bir xəbər agentliyi və bir xəbər portalı “yalan məlumat yaymaqda” ittiham edilsə də, adları açıqlanmayıb.
İran polisinin rəhbəri Əhməd-Rza Radan etirazlara qoşulan gənclərin “çox güman ki, aldadıldığını” deyib. Onun sözlərinə görə, “iğtişaşların liderləri və iştirakçıları sərt cəza alacaq”, həmçinin “xarici xüsusi xidmətlərin aldatdığı şəxslər” ittihamın yüngülləşdirilməsi müqabilində üç gün ərzində təslim olmalıdırlar.
İranda kütləvi etirazlar 2025-ci ilin dekabrının sonundan davam edir. ABŞ-də yerləşən iranlı hüquq müdafiəçilərinin “HRANA” agentliyi etirazların zorakılıqla yatırılması nəticəsində 3 mindən çox insanın öldüyünü bildirib. Digər hüquq müdafiə qurumları daha yüksək rəqəmlər səsləndirirlər. Müstəqil məlumat toplamaq isə çətinləşir, ölkədə internetə çıxışın məhdudlaşdırıldığı qeyd olunur.
ABŞ prezidenti Donald Tramp etirazçılara çağırışlar edib və İran hakimiyyəti “kütləvi repressiyalara” keçərsə, ABŞ-nin hərbi müdaxilə variantını istisna etmədiyini bildirib. İranın ali rəhbəri ayətullah Əli Xamenei isə etirazlar zamanı “bir neçə min” nəfərin öldüyünü deyərək məsuliyyəti etirazçılar və ABŞ hakimiyyətinin üzərinə yönəldib.