Hesablama Palatası: Metronun “Bənövşəyi” xətti üzrə 1,6 milyon manata yaxın artırılmış işin dəyəri azaldılmayıb

Hesablama Palatası: Metronun “Bənövşəyi” xətti üzrə 1,6 milyon manata yaxın artırılmış işin dəyəri azaldılmayıb
13 Yanvar 2026
Mətni dəyiş

“Bakı Metropoliteni” QSC-də dövlət vəsaitləri və əmlakının istifadə və idarə olunması ilə bağlı 2024-cü ildə aparılan uyğunluq auditinin nəticələrinə əsasən, III yeni “Bənövşəyi” xətt üzrə müəyyən edilmiş bir sıra maliyyə və smeta pozuntuları bu günədək aradan qaldırılmayıb.

Bu barədə Hesablama Palatasının hesabatında bildirilib.

Hesabata görə, “Bənövşəyi” xəttə daxil olan “Xocəsən” elektrik deposunun tikintisi üzrə layihə sənədlərində nəzərdə tutulmayan işlərin smetaya daxil edilməsi nəticəsində yaranmış 272 658,31 manatlıq fərqin icra prosesində azaldılması 2024-cü ildən indiyədək təmin edilməyib.

Bununla yanaşı, həmin obyekt üzrə 559 700 manat dəyərində yerinə yetirilmiş işlərə dair smeta sənədlərinin (iş həcmlərində dəyişikliklər) müvafiq qaydada ekspertizadan keçirilməsi də 2024-cü ildən bu günə qədər icra olunmayıb.

Audit zamanı III yeni “Bənövşəyi” xəttə aid “B04” stansiyasının çıxışları üzrə normativ düzəliş əmsallarının düzgün tətbiq edilməməsi, daşınma məsafəsinin faktiki göstəricilərdən artıq göstərilməsi və betonun vahid qiymətinin səhv hesablanması nəticəsində ümumilikdə 255 238,2 manat məbləğində işlərin dəyərinin artırıldığı müəyyən edilib. Hesabatda bu məbləğin də icra prosesində azaldılmasının 2024-cü ildən bəri təmin edilmədiyi qeyd olunur.

Sənəddə, həmçinin, digər sahələr üzrə də işlərin dəyərinin artırılması və həmin məbləğlərin azaldılmaması göstərilib. Belə ki, “B03–B04” mənzil tunelləri və “B04” stansiyası (yolun üst quruluşu və təmas relsi) üzrə normativlərin düzgün tətbiq edilməməsi nəticəsində 1 286 277,3 manat, “B03–B04” stansiyalararası tunellərdə təxliyə keçidləri və “B04” stansiyasının memarlıq hissəsi üzrə 276 016,1 manat, “Xocəsən” elektrik deposunda yolun üst quruluşu və təmas relsinin quraşdırılması üzrə 64 661,5 manat məbləğində artırılmış işlərin dəyərinin azaldılmasının 2024-cü ildən bu günədək icra edilmədiyi vurğulanıb.

Hesabatda auditlə əhatə olunan obyektlər üzrə tikinti-quraşdırma və abadlaşdırma işlərinin layihə-smeta sənədlərindən artıq icrası ilə bağlı digər obyektlərin də daxili nəzarət qaydasında araşdırılması, smeta sənədlərinə düzəlişlər üçün aidiyyəti dövlət qurumlarına müraciət olunması tövsiyə edilsə də, bu istiqamətdə də 2024-cü ildən bəri irəliləyiş qeydə alınmadığı qeyd edilib.

Qeyd olunan hallar üzrə audit qərarlarının icrası hazırda izlənilmə mərhələsində qalır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun