İranda etirazların yatırılması zamanı azı 2 min nəfərin həlak olduğu bildirilir. “Reuters” agentliyi İran rəsmilərindən birinin anonim açıqlamasına istinadən belə yazıb. Sözügedən rəsmi şəxs dinc sakinlərin və təhlükəsizlik qüvvələri əməkdaşlarının ölümündə “terrorçuları” günahlandırdığını bildirib.
Eyni zamanda, insan haqları təşkilatlarının açıqladığı rəqəmlər daha yüksəkdir. “Iran Human Rights” (Norveçdə yerləşən təşkilat) hesab edir ki, həlak olan etirazçıların sayı 6 mindən çoxdur. Təşkilat əlavə edib ki, etirazçıların “kütləvi və məhkəməsiz edamı” riski “son dərəcə ciddidir”.
Digər tərəfdən, “Iran International” telekanalı etirazlar zamanı 12 min nəfərin öldüyünü iddia edir. Kanal bunun üçün İranın Milli Təhlükəsizlik Ali Şurasına yaxın mənbəyə, prezident administrasiyasındakı iki mənbəyə, həmçinin SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) daxilindəki şəxslərin ifadələrinə, şahidlərin danışdıqlarına, sahə hesabatlarına və tibb mərkəzlərinin məlumatlarına istinad etdiyini bildirir.
Ekspertlər qeyd edir ki, “Iran International” “ən etibarlı mənbə” sayılmaya bilər. Bununla belə, 12 min rəqəminin “tamamilə mümkünsüz görünmədiyini” bildirilir və bu, rəsmi məlumatlarda səslənən öldürülmüş təhlükəsizlik əməkdaşlarının sayının (hazırda 100-dən çox) yüksəkliyi ilə izah edilir. Ekspertlərin vurğulamasına görə, 2019-cu il etirazlarında təxminən 1,5 min etirazçı və 6 təhlükəsizlik əməkdaşı həlak olmuşdu.
“BBC News” isə şahidlərə istinadla bildirir ki, İranda internetin kəsilməsindən sonra təhlükəsizlik qüvvələri və SEPAH ölkə boyu etirazçılara qarşı atəş açıb. “BBC”yə danışan sakinlər deyiblər ki, ölkədə real vəziyyəti xarici aləmin təsəvvür etməsi çətindir və mediada yazılan ölüm rəqəmləri onların şəxsi müşahidələri ilə müqayisədə “çox aşağı” görünür.
“Mən bunu gözlərimlə gördüm: onlar birbaşa etirazçıların sıralarına atəş açırdılar, insanlar yerindəcə yıxılırdı”, - cənub şəhərlərindən birinin sakini telekanala bildirib.
Məlumatlara görə, saxlanılanların sayı 10 mindən çox qiymətləndirilir.
Hüquq müdafiə təşkilatları, o cümlədən “Iran Human Rights” mənbələrinə istinadla bildirir ki, ölkədə hazırkı etirazların ilk iştirakçısının edamına hazırlıq gedə bilər. Söhbət etirazlarda iştiraka görə “Allaha qarşı müharibə aparmaq” ittihamı ilə günahlandırılan 26 yaşlı İrfan Soltanidən gedir. Bildirilir ki, o, yanvarın 14-də-saxlanılmasından altı gün sonra edam edilə bilər.
ABŞ Prezidenti Donald Tramp iranlıları ümummilli etirazları davam etdirməyə çağırıb. O, “yardım artıq yoldadır” desə də, detalları açıqlamayıb. Tramp həmçinin, “etirazçıların mənasız qətlləri dayanmayana qədər” iranlı rəsmilərlə bütün görüşləri ləğv etdiyini bildirib və “qatillər və zorlayanlar” kimi təqdim etdiyi şəxslərin adlarının sənədləşdirilməsinə çağırıb: “Onlar ağır bədəl ödəyəcəklər”, - deyə əlavə edib.
İranda davam edən etirazlar ötən il dekabrın 28-də başlayıb. İlk mərhələdə əsas tələblər iqtisadi böhran - rialın dəyərdən düşməsi və sürətli inflyasiya ilə bağlı idi. Daha sonra hakimiyyət əleyhinə şüarlar səslənib, həmçinin 1979-cu il İslam İnqilabı ilə devrilmiş monarxiyanın bərpasını tələb edən çağırışlar da artıb. İnternet kəsilməzdən əvvəl etirazların təxminən 120 şəhəri əhatə etdiyi bildirilirdi.