Naxçıvandakı məktəblərin bir hissəsində qaz limitinin aşılmaması üçün istiliyin tamamilə kəsildiyi, digərlərində isə sinif otaqlarına zəif verildiyi iddia olunur.
Bu barədə bir qrup valideyn “Gündəlik Naxçıvan”a məlumat verib.
Valideynlərin sözlərinə görə, nəticədə şagirdlər şaxtalı havalarda soyuq sinif otaqlarında qalın üst geyimində dərs keçməyə məcbur qalırlar.
Bildirilir ki, yaranmış vəziyyət xəstəliklərin artmasına, məktəblərdə davamiyyətin isə kəskin şəkildə azalmasına səbəb olur.
Valideynlərdən Vahid Həsənov deyir ki, məsələ ilə bağlı yerli Təhsil Nazirliyinə dəfələrlə müraciət etsələr də, konkret tədbir görülməyib:
“Deyirlər ki, büdcədə pul azdır, qənaət etməliyik. Məktəbli formasının altından qalın geyinməyi məsləhət görürlər. Amma şaxtalı havalarda bu da kömək etmir, uşaqlar gödəkçədə oturmalı olurlar. Bu isə normal dərs keçməyə imkan vermir. Bu vəziyyətdə uşağım, demək olar ki, hər həftə xəstələnir. Səhər dərsə gedir, axşam boğazı tutulur, qızdırması qalxır. Sonra da davamiyyətə görə irad bildirirlər”.
Valideynin sözlərinə görə, məktəb rəhbərləri yaranmış vəziyyəti radiatorların nasazlığı ilə əsaslandırmağa çalışır. Lakin bu izah valideynləri qane etmir:
“Problem təkcə bir məktəbdə deyil. Muxtar respublikanın bütün məktəblərində eyni vəziyyət hökm sürür. Bütün siniflərdə eyni vaxtda radiatorun xarab olması mümkün deyil. Bu, açıq-aşkar istiliyin qəsdən, qənaət məqsədi ilə verilməməsidir”.
Naxçıvan şəhərindəki orta məktəblərdən birində çalışan müəllim də istiliyin məqsədli şəkildə azaldıldığını iddia edir. Onun sözlərinə görə, qaz limiti aşılmasın deyə isitmə normal səviyyədə təmin olunmur:
“Qaz limiti aşmasın deyə istilik normal verilmir. Axşam saat 5-dən sonra istilik tam dayandırılır. Sistem donmasın deyə yalnız ilıq su dövr etdirilir. Səhərə qədər siniflər buz kimi olur. Səhər istilik artırılsa da, otaqların isinməsi saatlar çəkir”.
Müəllim bildirir ki, bu şəraitdə tədris prosesi normal davam edə bilmir:
“Uşaqlar dərs oxumalıdır, donmamalıdır. Problem tək bizim məktəblə məhdudlaşmır. İstər rayonlarda, istərsə də şəhər mərkəzində yerləşən təhsil müəssisələrində vəziyyət eynidir. Nə biz, nə də sinif rəhbərləri bu məsələyə müdaxilə edə bilirik. Özümüz də qalın geyinirik, uşaqlara da məktəbli formasının altından qalın paltar geyinməyi məsləhət görürük. Amma buna baxmayaraq xəstəliklər artır, dərsə davamiyyət azalır. Valideyn uşağını məktəbə göndərmək istəmir”.
Valideynlər və müəllimlər aidiyyəti qurumlardan məktəblərin normal istiliklə təmin olunmasını, qaz limitinin uşaqların sağlamlığı hesabına tətbiq edilməməsini və problemin təcili həllini tələb edirlər.
Məsələ ilə bağlı aidiyyəti qurumlar hələlik münasibət bildirməyib.