Paşinyan: “Ermənistan Azərbaycanın əsas hissəsilə Naxçıvan arasında maneəsiz əlaqənin təmininə hazırdır”

Paşinyan: “Ermənistan Azərbaycanın əsas hissəsilə Naxçıvan arasında maneəsiz əlaqənin təmininə hazırdır”
15 Yanvar 2026
Mətni dəyiş

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Yerevan razılaşdırılmış çərçivələr daxilində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunması istiqamətində irəliləməyə hazırdır.

“Armenpress”in məlumatına görə, Paşinyan bu fikirləri hökumətin iclasında səsləndirib. O, siyasi iradəni vurğulayaraq deyib ki, Ermənistan bu istiqamətdə addımlar atmağa “hazırdır, köklənib və mütləq hərəkət edəcək”.

Paşinyanın sözlərinə görə, həm Ermənistanda, həm də Azərbaycanda prosesin tez baş verməsi gözlənilmir, çünki cəmiyyətlərdə uzun sürən münaqişənin formalaşdırdığı diskurslar hələ də qalmaqdadır. O, buna misal kimi yanacaq idxalı ətrafında yayılan iddiaları göstərərək, tərəflərin bir-birini yanacağın hərbi məqsədlərlə istifadəsində günahlandırmasını qeyd edib.

Baş nazir bildirib ki, mövcud diskurslar artıq bugünkü reallıqlara uyğun gəlmir: “35 il və daha çox dövrün məntiqini bir hərəkətlə dayandırmaq mümkün deyil. Ona görə daha praktik yanaşma seçməliyik, işə fokuslanmalıyıq. Sülhün praktik faydaları müxtəlif tezislər, şübhələr və çağırışlar ətrafında bitməyən debatların özündən daha təsirli ola bilər”.

Baş nazirin sözlərinə görə, Ermənistan və ABŞ adından dərc edilmiş TRIPP-in həyata keçirilməsi çərçivəsinə dair birgə bəyanat sülh prosesinin “əsas sənədlərindən biri”dir. O, bunu 8 avqust 2025-ci il tarixli bəyanatdan sonra növbəti mühüm addım kimi qiymətləndirib və regional kommunikasiyaların açılmasını sülh prosesinin “açar və prinsipial” mövzularından biri adlandırıb.

Paşinyan deyib ki, bəyanatın əsas mənası sülhün “çox konkret və praktik addımlarla” qurulmasıdır: “İndi bu, praktik reallıqdır”.

O, həmçinin “qurulan sülhə həssas yanaşmağın” vacibliyini vurğulayıb, Ermənistanın tarixən uzunmüddətli sülh şəraitində yaşamadığını və bu prosesin yeni siyasi-mədəni düşüncə tərzi tələb etdiyini bildirib. Paşinyanın sözlərinə görə, “münaqişə məntiqi” dilə və ifadələrə hələ də güclü təsir göstərir, sülh isə ictimai şüura yavaş daxil olur.

Baş nazir əlavə edib ki, TRIPP çərçivəsində əldə olunan razılaşmaların mümkün qədər tez de-yure müqavilələrə çevrilməsi üçün işlər başlamalıdır. Onun sözlərinə görə, Ermənistanda TRIPP adlı şirkət yaradılmalı, marşrutlar, tikinti hüquqları, torpaqdan istifadə və tikintiyə icazə məsələləri müəyyənləşdirilməlidir: “Dövlət strukturları qarşıdakı proseslərə bugündən hazırlığa başlamalıdır”.

Yanvarın 13-də Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb. Görüşdə tərəflər 8 avqust 2025-ci il Vaşinqton sülh sammitində əldə olunan razılaşmaların icrası və sülh prosesinin daha da institusionallaşdırılmasının əhəmiyyətini müzakirə ediblər. Həmin görüşdə TRIPP proqramının həyata keçirilməsi çərçivəsinə dair birgə bəyanat da təsdiqlənib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun