Yanvarın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi ilə davam edib.
“Azadlıq Radiosu”nun məlumatına görə, iclasda təqsirləndirilən şəxslər hakimlər kollegiyasına bir daha etirazlarını bildiriblər. Etirazı səsləndirən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov məhkəmənin ədalətli keçirilmədiyini, iş üçün önəmli sayılan vəsatətlərin təmin olunmadığını vurğulayıb. Onun etirazı əvvəlkilər kimi baxılmamış saxlanılıb.
Akif Qurbanov çıxışında xarici səfərlərinin ittihama daxil edilməsinə də xüsusi toxunub. Əslən gürcüstanlı olduğunu, Gürcüstanda qohumlarının yaşadığını xatırladan Qurbanov həmin ölkəyə səfərlərinin “qaçaqmalçılıq məqsədi” kimi təqdim edilməsini absurd sayıb:
“Yaxud da ABŞ-yə, Almaniyaya, başqa ölkələrə dəvət olunmuşam, səfərə getmişəm. Bu səfərlərin tarixlərini cinayət işinə köçürüblər, guya bununla da qaçaqmalçılığı sübut ediblər. Ayıbdır, bu qədər də olmaz. Bizim xarici səfərlərimiz niyə ittihama salınmalıdır?”
Digər təqsirləndirilən şəxslər də eyni məsələ ilə bağlı etirazlarını dilə gətiriblər. “Toplum TV”nin təsisçisi və media hüquqçusu Ələsgər Məmmədli bildirib ki, elə səfərləri olub ki, həmin tədbirlərə dövlət rəsmiləri ilə birlikdə qatılıb.
İclasda jurnalist Müşfiq Cabbarovla bağlı epizod da müzakirə olunub. Bildirilib ki, o, həbsindən az öncə xarici ölkələrdən birindən avtomobil alıb. Lakin 2024-cü ilin martında həbs olunduğu üçün avtomobilin Bakıda gömrükdən buraxdırılması mümkün olmayıb və nəqliyyat vasitəsi elə gömrükdə qalıb.
Vəkil Rəsul Cəfərovun sözlərinə görə, hazırda həmin avtomobilin harada olduğu məlum deyil:
“Sorğu versək də, nəticəsi yoxdur. O maşın gömrükdən hara gedib, bilinmir”.
Hakim Azər Tağıyev isə məhkəmənin də sorğu göndərərək avtomobilin aqibəti barədə məlumat almağa çalışacağını bildirib.
Məhkəmə prosesi yanvarın 12-də davam edəcək.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər haqqında cinayət işi açıldığı bildirilir. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, İDİ əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı əvvəl ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarəti qətimkan tədbiri seçildiyi bildirilir.
Bu iş üzrə saxlanılanlar əvvəlcə qaçaqmalçılıqda ittiham olunsalar da, sonradan ittihamların ağırlaşdırıldığı qeyd edilir. Təqsirləndirilən şəxslər ittihamları rədd edir və həbslərinin siyasi sifarişlə bağlı olduğunu bildirirlər.