Qlobal neft bazarında qiymətlərin aşağı salınmasına yönəlik siyasi və iqtisadi addımlar Azərbaycan üçün təkcə makroiqtisadi müzakirə mövzusu deyil, birbaşa büdcə riski deməkdir.
ABŞ prezidenti Donald Trump administrasiyasının Venesuela nefti üzərindən qiymətləri 50 dollara qədər endirmək niyyəti fonunda neftin hər 1 dollarlıq dəyişməsi Dövlət Neft Fondunun (ARDNF) gəlirlərinə təxminən 100 milyon dollar təsir göstərə bilər. Bu həssaslıq 2026-cı il üçün dövlət maliyyəsinin əsas dayaqlarından biri olan Fondun büdcə planlamasını qlobal geosiyasi proseslərdən daha da asılı edir.
Hesablama Palatasının ARDNF-nin 2026-cı il büdcəsinə verdiyi rəyə əsasən, Fond beynəlxalq maliyyə institutlarının “Brent” markalı xam neft üzrə 60–65 dollar aralığında dəyişən proqnozları fonunda baza ssenarisini 65 dollar qiymət fərziyyəsi ilə tərtib edib. Rəyə görə, 2026-cı ildə 1 barel neftin orta illik ixrac qiymətində hər 5 dollarlıq dəyişiklik Fondun gəlirlərində təxminən 0,5 milyard dollar fərq yaradır. Bu isə hər 1 dollar üçün 100 milyon dollar təsir deməkdir.
Başqa sözlə, qiymətin 65 dollardan 60 dollara enməsi ARDNF-nin gəlirlərində yarım milyard dollarlıq azalma riski yarada bilər. Qlobal bazarda qiymətlərin daha kəskin ucuzlaşması isə Fondun transfert imkanlarını və fiskal manevr sahəsini daralda bilər.
Yanvarın əvvəlində ABŞ-nin Venesuelaya qarşı hərbi-siyasi addımlarından sonra Donald Trampın verdiyi açıqlamalar Vaşinqtonun neft bazarına birbaşa təsir göstərmək niyyətini açıq şəkildə ortaya qoydu. Ağ Evin planına əsasən, Venesuelanın tanker və anbarlarda qalmış, təxminən 3 milyard dollar dəyərində xam neftinin dövriyyəyə buraxılması və sonrakı mərhələdə ölkənin neft satışlarına nəzarət qiymətləri aşağı salmaq üçün alət kimi nəzərdə tutulur. Məqsəd neftin bir barelinin qiymətini 50 dollara endirməkdir.
Bu plan qısa müddətdə bazara on milyonlarla barel əlavə təklif çıxara bilsə də, analitiklər hasilatın bərpasının asan və sürətli olmayacağını vurğulayırlar. Bununla belə, təkcə belə bir niyyətin özü qiymətlər üzərində psixoloji və spekulyativ təzyiq yaradır.
Neft qiymətlərinə təzyiq yaradan amillər Tramp administrasiyasının addımları ilə məhdudlaşmır. Qlobal bazarda hasilatın tələbi üstələməsi, bərpa olunan enerji istehsalının sürətlə artması və elektrik avtomobillərinə keçid iqlim siyasəti ilə birlikdə uzunmüddətli tələbat perspektivini zəiflədir. Bu tendensiyalar ötən illərdə neft bazarında ardıcıl itkilərə səbəb olub və analitiklər bu vəziyyətin 2026-cı ilə qədər davam edə biləcəyini istisna etmirlər.
“Goldman Sachs” daha əvvəl Brent markalı neftin orta qiymətinin 2025-ci ildə 56 dollara qədər enəcəyini proqnozlaşdırmışdı. Ağ Evin Venesuelada hasilatın artırılmasında uğur qazanacağı təqdirdə qiymətlərin 54 dollara qədər enə biləcəyi, uğursuzluq halında isə 58 dollar ətrafında qalacağı ehtimal olunur.
ARDNF büdcəsinin 65 dollarlıq baza üzərində qurulması qiymətlərin bu səviyyədən aşağı düşəcəyi halda avtomatik risk zonası yaradır. Xüsusilə Tramp administrasiyasının neft qiymətlərini siyasi alətə çevirməsi, Venesuela kimi böyük ehtiyatlara malik ölkələr üzərindən bazara müdaxilə cəhdləri Azərbaycanın neft gəlirlərini daha dəyişkən mühitə salır.
Nəticə etibarilə, qlobal neft bazarında baş verən hər bir geosiyasi addım ARDNF üçün abstrakt risk deyil, konkret maliyyə nəticəsi deməkdir. Bu reallıq 2026-cı il və sonrakı illər üçün büdcə planlamasında ehtiyatlı yanaşmanın və alternativ ssenarilərin vacibliyini bir daha ön plana çıxarır.