Ali Məhkəmə təqsirsizlik prezumpsiyası ilə bağlı yeni izah verib: “Media hökm olmadan şəxsi “cinayətkar” adlandırmaqdan çəkinməlidir"

Ali Məhkəmə təqsirsizlik prezumpsiyası ilə bağlı yeni izah verib: “Media hökm olmadan şəxsi “cinayətkar” adlandırmaqdan çəkinməlidir" Foto: Report
4 Mart 2026
Mətni dəyiş

Azərbaycan Respublikası Ali Məhkəməsi təqsirsizlik prezumpsiyasının tətbiqi ilə bağlı mühüm hüquqi məqamları açıqlayıb. Məhkəmə “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum Qərarında xüsusilə mediada yayımlanan məlumatlarla bağlı bu prinsipə əməl edilməsinin vacibliyini vurğulayıb.

Ali Məhkəmənin yaydığı məlumatda bildirilir ki, təqsirsizlik prezumpsiyası şəxsin barəsində qanuni qüvvəyə minmiş ittihamedici hökm olmadan onun cinayət törətməkdə təqsirli kimi təqdim edilməsini və ya bu məzmunda məlumatların yayılmasını qadağan edir. Bu qadağa ibtidai istintaq və məhkəmə istintaqı dövrünü də əhatə edir.

Məhkəmənin izahına görə, yalnız məhkəmənin ittihamedici hökmü qanuni qüvvəyə mindikdən sonra şəxs cinayət əməlini törətməkdə təqsirli sayılır.

Ali Məhkəmə qeyd edir ki, xüsusən mediada yazılar dərc ediləndə bu məsələyə diqqət yetirilməli, şəxsin təqsirliliyinə dair qanuni qüvvəsini almış hökm olmadan onun hər hansı cinayəti törətməsi ilə bağlı təsdiqedici ifadələrdən çəkinilməlidir.

Məlumata görə, Konstitusiyanın 63-cü maddəsi ilə təmin edilən təqsirsizlik prezumpsiyasının pozulması iki şərtin eyni vaxtda mövcudluğu ilə müəyyən edilir: şəxsin barəsində qanuni qüvvəyə minmiş ittihamedici hökmün olmaması; həmin şəxsin cinayət törətməkdə təqsirli olduğunu təsdiqləyən ifadələrin işlədilməsi və ya məlumatların yayılması.

Belə hallarda hüququ pozulmuş şəxs həm hüququnun müdafiəsi üçün tədbirlərin görülməsini, həm də mənəvi zərərin kompensasiyasını tələb edə bilər.

Ali Məhkəmənin açıqlamasında vurğulanır ki, bu tələblər təqsirsizlik prezumpsiyasının pozulduğu andan etibarən irəli sürülə bilər. Sonradan şəxs barəsində ittihamedici hökm çıxarılsa belə, həmin vaxt hökm qüvvəyə minməmiş olduğu üçün tələb hüququ qüvvədə qalır.

Qurum həmçinin qeyd edir ki, prezumpsiyanın hansı mərhələdə pozulması mənəvi zərərin həcminin müəyyən edilməsinə təsir göstərə bilər. Məsələn, ibtidai araşdırma mərhələsində yayılan məlumatlarla müqayisədə birinci instansiya məhkəməsində hökm çıxarıldıqdan sonra yayılan ittihamedici məlumatlar daha az mənəvi zərərə səbəb kimi qiymətləndirilə bilər.

Azərbaycanda son illər jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri və siyasətçilərlə bağlı cinayət işlərinin hökumətyönlü mediada işıqlandırılması zamanı təqsirsizlik prezumpsiyasının pozulması halları qeydə alınıb

2023-cü ilin noyabrından etibarən həbs olunan müstəqil jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri barədə ibtidai istintaq materialları mediada yayımlanıb və onlar dəfələrlə “qaçaqmalçı” və “cinayətkar” kimi təqdim olunublar.

“Abzas Media işi” üzrə 9 il azadlıqdan məhrum edilən araşdırmaçı jurnalist Hafiz Babalı da müxtəlif vaxtlarda barəsində məlumatlar yaymış hökumətyönlü media qurumlarını məhkəməyə verib. O, yayımlanan materialların həqiqəti əks etdirmədiyini və araşdırmaçı jurnalist kimi işgüzar nüfuzuna zərər vurduğunu bildirib. Lakin məhkəmələr onun iddiasını təmin etməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun