İrandan atılan ikinci ballistik raket Türkiyə səmasında zərərsizləşdirilib

İrandan atılan ikinci ballistik raket Türkiyə səmasında zərərsizləşdirilib
9 Mart 2026
Mətni dəyiş

İrandan atıldığı bildirilən ballistik raket Türkiyənin hava məkanına daxil olduqdan sonra NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Hadisə Qaziantep üzərində baş verib və nəticədə itki qeydə alınmayıb.

Türkiyə hökuməti bildirib ki, bu, son bir həftə ərzində Türkiyənin cənub istiqamətinə yönələn ikinci belə raket hadisəsidir.

Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlamasında qeyd edib ki, Türkiyə yaxşı qonşuluq münasibətlərinə və regionda sabitliyə böyük önəm verir. Bununla belə, ölkə ərazisinə və hava məkanına yönələn hər hansı təhlükəyə qarşı zəruri tədbirlərin qətiyyətlə və tərəddüdsüz görüləcəyi bir daha qeyd olunub.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanəddin Duran da sosial media hesabında hadisə ilə bağlı açıqlama verib. O bildirib ki, hadisə baş verən andan etibarən bütün dövlət qurumları prosesi yaxından izləyib və zəruri təhlükəsizlik tədbirləri dərhal həyata keçirilib.

“Türkiyənin hava məkanının və sərhəd təhlükəsizliyinin qorunması ilə bağlı dövlətimizin iradəsi və imkanları ən yüksək səviyyədədir. Bölgədə gərginliyin daha da artmaması və qarşıdurmanın genişlənməməsi böyük əhəmiyyət daşıyır”, – deyə o bildirib.

Duran həmçinin İran başda olmaqla bütün tərəfləri regional təhlükəsizliyi riskə atan və mülki əhalini təhlükəyə sala biləcək addımlardan çəkinməyə çağırıb. O əlavə edib ki, vətəndaşlar və media yalnız rəsmi mənbələrə əsaslanmalı, panikaya səbəb ola biləcək və təsdiqlənməmiş məlumatları yaymamalıdır.

ABŞ-nin Türkiyədəki səfirliyi vətəndaşlarına Adana şəhərini dərhal tərk etmələri barədə çağırış edib. Səfirlik bu barədə sosial media hesabından paylaşım edib.
 
Paylaşımda ABŞ vətəndaşlarından Türkiyənin cənub-şərqi Anadolu bölgəsini və Adana şəhərini dərhal tərk etmələri xahiş olunub.
 
ABŞ Dövlət Departamenti “təhlükəsizlik riskləri”ni əsas gətirərək, Adana Konsulluğunda çalışan işçiləri və onların ailələrinin təxliyə olunması barədə göstəriş verilib.

Hadisə ilə bağlı Azərbaycanın Müdafiə Nazirliyi də bəyanat yayıb. Nazirlik Türkiyə ərazisinə qarşı həyata keçirilmiş və Qaziantep üzərində zərərsizləşdirilmiş raket hücumunu qətiyyətlə pislədiyini bildirib.

Bəyanatda qeyd olunur ki, bu cür hərəkətlər regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır və qəbuledilməzdir.

“Biz qardaş Türkiyə Respublikası ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə hökumətinin əhalisinin və ərazisinin təhlükəsizliyinin təmin olunması istiqamətində gördüyü tədbirləri dəstəkləyirik. Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır”, – deyə bəyanatda vurğulanır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun