Müalicə Müəssisəsinə yerləşdirilən Nazim Bəydəmirlinin səhhəti ilə bağlı məlumat verilmədiyi deyilir

Müalicə Müəssisəsinə yerləşdirilən Nazim Bəydəmirlinin səhhəti ilə bağlı məlumat verilmədiyi deyilir Foto: Sosial Media
27 Mart 2026
Mətni dəyiş

Həbsdə olan iqtisadçı alim və keçmiş millət vəkili Nazim Bəydəmirlinin martın 26-da Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirildiyi bildirilir. Bu barədə onun həyat yoldaşı Fəridə Bəydəmirli məlumat yayıb.

Onun sözlərinə görə, 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Bəydəmirlinin səhhəti axşam saatlarında qəfil pisləşib və o, təcili olaraq hospitalizasiya olunub. Fəridə Bəydəmirli bildirib ki, həyat yoldaşının hazırkı vəziyyəti ilə bağlı hələ də rəsmi məlumat ala bilməyib.

Məsələ ilə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsindən münasibət almaq mümkün olmayıb.

Nazim Bəydəmirli 2023-cü ilin iyulunda saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama əsasən, sabiq deputat pay sahibi olduğu “Avto-Qarant” ASC-nin təsisçisi və Müşahidə Şurasının sədri Ədalət Bağırovu intim görüntülərlə şantaj edərək ondan 50 min manat tələb edib və 2023-cü ilin iyununda bu məbləğin 10 min manatını aldığı iddia olunur.

Digər epizod üzrə isə Bəydəmirlinin 1996-cı ildə Rusiyanın Lipetsk şəhərində Mürsəl İbrahimovdan spirtli içki biznesinə yatırdığı vəsaitdən imtina etməyi tələb etdiyi və buna nail olduğu bildirilir.

Nazim Bəydəmirli ittihamları qəbul etmir. O, özünü “ekologiya məhbusu” adlandıraraq Söyüdlü kəndində sianid gölünün tikintisinə qarşı etiraz edən sakinlərə dəstək verdiyinə görə həbs olunduğunu bildirir. Yerli hüquq müdafiəçiləri də onun həbsinin siyasi motivli olduğunu bəyan edirlər.

2024-cü ilin sentyabrında məhkəmənin hökmü ilə Nazim Bəydəmirli 8 il müddətinə azadlıqdan məhrum edilib. O, son sözündə də Söyüdlü hadisələri ilə bağlı mövqeyinə görə təqib olunduğunu vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun