The Wall Street Journal: “Tramp Hörmüz boğazı bağlı qalsa belə, İranla müharibəni dayandırmağa hazırdır”

The Wall Street Journal: “Tramp Hörmüz boğazı bağlı qalsa belə, İranla müharibəni dayandırmağa hazırdır”
31 Mart 2026
Mətni dəyiş

ABŞ prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bildirib. Bu barədə “The Wall Street Journal” administrasiya rəsmilərinə istinadən yazır.

Məlumata görə, Tramp köməkçilərinə deyib ki, ABŞ əsas məqsədlərinə - İranın hərbi donanmasına və raket ehtiyatlarına zərbə endirməyə - nail olduqdan sonra, hətta Hörmüz boğazı bağlı qalsa belə, əməliyyatları dayandırmaq mümkündür.

Nəşr yazır ki, Tramp və komandası boğazın hərbi yolla açılmasının münaqişəni uzada biləcəyi qənaətinə gəlib. Bu səbəbdən Vaşinqton əsas prioritet kimi hərbi hədəflərin məhv edilməsini görür və daha sonra əməliyyatları məhdudlaşdırmağı planlaşdırır.

Mənbələrin bildirdiyinə görə, əgər ABŞ diplomatik yollarla Hörmüz boğazının açılmasına nail ola bilməsə, Avropa və Fars körfəzi ölkələrindən olan müttəfiqlərə təşəbbüsü ələ almaq çağırışı ediləcək. Hərbi variantların da mövcud olduğu qeyd olunsa da, onların hazırda “yaxın prioritet” olmadığı vurğulanır.

“The Wall Street Journal” qeyd edir ki, bu yanaşma Tehranın həmin strateji su yoluna təsir imkanlarını gücləndirə bilər.

Bundan əvvəl İranın dövlət yayımçısı IRIB xəbər vermişdi ki, ölkə parlamentinin təhlükəsizlik komissiyası Hörmüz boğazından keçən gəmilər üçün rüsum tətbiqini və ABŞ ilə İsraillə əlaqəli gəmilərin keçidinə qadağanı nəzərdə tutan planı təsdiqləyib.

ABŞ prezidenti martın 30-da bildirib ki, İranla danışıqlarda “əhəmiyyətli irəliləyiş” əldə olunub. Bununla belə, o xəbərdarlıq edib:

“Əgər yaxın vaxtda razılaşma əldə olunmasa və Hörmüz boğazı dərhal ticarət üçün açılmasa, ABŞ İranda “mövcudluğunu” başa çatdıraraq onların bütün elektrik stansiyalarını, neft yataqlarını və Xarq adasını partladıb tamamilə məhv edəcək”.

ABŞ və İsrail İran əleyhinə birgə hərbi əməliyyata fevralın 28-də başlayıb. “The Wall Street Journal”ın məlumatına görə, martın 31-nə keçən gecə ABŞ İranın İsfahan şəhərində yerləşən iri sursat anbarına bunker əleyhinə bombalarla zərbə endirib.

Gecə saatlarında Tramp sosial şəbəkədə partlayışların əks olunduğu videosunu paylaşsa da, paylaşımına izahat verməyib. İsrail ordusu isə Tehrana növbəti zərbələr seriyasını başa çatdırdığını açıqlayıb. Bildirilir ki, hücumlardan sonra Tehranın şərqində elektrik enerjisinin verilişi kəsilib.

Eyni zamanda Küveyt İranın Dubay limanında dayanan və xam neftlə tam yüklənmiş tankerinə hücum etdiyini açıqlayıb. “Kuwait Petroleum Corporation” şirkəti zərərin qiymətləndirildiyini bildirib və mümkün neft sızması ilə bağlı xəbərdarlıq edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun