ABŞ müttəfiqləri Hörmüz boğazının açılmasını müzakirə edir

ABŞ müttəfiqləri Hörmüz boğazının açılmasını müzakirə edir
3 Aprel 2026
Mətni dəyiş

ABŞ-nin müttəfiqləri Hörmüz boğazının açılması məsələsini müzakirə edib və hesab edirlər ki, bu mövzu Vaşinqtonun İranla aparacağı danışıqların əsas hissəsinə çevrilməlidir.

Böyük Britaniyanın təşəbbüsü ilə keçirilən görüşdə Avropa, Yaxın Şərq və Asiya ölkələri, eləcə də Avstraliya və Kanadadan 40-dan çox nümayəndə iştirak edib. Toplantıya Böyük Britaniyanın daxili işlər naziri İvett Kuper rəhbərlik edib.

Böyük Britaniya hökumətinin yaydığı bəyanatda bildirilib ki, görüş iştirakçıları Hörmüz boğazının açılması üçün beynəlxalq diplomatik təzyiqin artırılmasını, o cümlədən BMT vasitəsilə addımların atılmasını müzakirə ediblər. Eyni zamanda, koordinasiyalı iqtisadi və siyasi tədbirlər, eləcə də gəmiçilik şirkətləri və sektor təşkilatları ilə əməkdaşlıq məsələləri gündəmdə olub.

“Bloomberg”ə danışan mənbələrin sözlərinə görə, beynəlxalq ictimaiyyət “aydın şəkildə bildirib” ki, ABŞ İranla atəşkəs danışıqlarında Hörmüz boğazı məsələsini də gündəmə gətirməlidir. Bununla yanaşı, görüş göstərib ki, bəzi ölkələr ABŞ iştirakı olmadan da boğazın açılması istiqamətində hazırlıqlara başlamağın vacibliyini düşünür.

“Reuters”in mənbəsi qeyd edir ki, görüş konkret razılaşmalar olmadan başa çatsa da, əsas prinsip üzrə konsensus əldə olunub: İran gəmilərin keçidi üçün ödəniş tətbiq etməməli və bütün ölkələr boğazdan sərbəst istifadə hüququna malik olmalıdır.

Avropalı diplomatların sözlərinə görə, belə bir koalisiyanın formalaşdırılması hələ ilkin mərhələdədir. Prosesdə aparıcı rolu Böyük Britaniya və Fransa oynayır. Fransanın silahlı qüvvələrinin rəsmi nümayəndəsi Giyom Vernet bildirib ki, təşəbbüs mərhələli şəkildə həyata keçiriləcək və regionda hərbi əməliyyatlar dayanmadan başlamayacaq.

Gələn həftə koalisiya ölkələrinin hərbi komandanlıqlarının nümayəndələri bir araya gələrək müharibədən sonra boğazda patrul xidmətinin təşkili və minaların təmizlənməsi məsələlərini müzakirə edəcəklər. Bununla belə, əksər ölkələr boğazın hərbi güc yolu ilə açılmasını real hesab etmir və böhranın İranın razılığı olmadan həllinin mümkün olmadığını düşünür.

ABŞ və İsrailin İranla müharibəsi başlamazdan əvvəl Hörmüz boğazı vasitəsilə dünya üzrə dəniz yolu ilə ixrac olunan neftin təxminən beşdə biri, həmçinin mayeləşdirilmiş təbii qaz daşınırdı. Müharibənin ilk günlərində İran boğazda gəmi hərəkətini bloklayıb ki, bu da qlobal enerji qiymətlərinin kəskin artmasına səbəb olub.

ABŞ prezidenti Donald Tramp isə bir neçə dəfə bəyan edib ki, Hörmüz boğazı ilə bağlı məsuliyyəti Avropa ölkələri üzərinə götürməlidir. Aprelin 2-də xalqa müraciətində o bildirib ki, müharibə başa çatdıqdan sonra boğaz “öz-özünə” açılacaq, çünki İranın bərpası üçün əsas resurs neftdir. Tramp eyni zamanda bu marşrutla neft alan ölkələri boğaza nəzarəti ələ almağa və onu öz maraqları üçün istifadə etməyə çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun