AİHM Azərbaycandan erməni məhbuslarla bağlı məhkəmə qərarlarını tələb edir

AİHM Azərbaycandan erməni məhbuslarla bağlı məhkəmə qərarlarını tələb edir
17 Aprel 2026
Mətni dəyiş

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan Bakıda saxlanılan erməni məhbuslarla bağlı məhkəmə hökmlərinin surətlərini 31 avqusta qədər təqdim etməyi tələb edib. Məhkəmə eyni zamanda məhbusların saxlanma şəraiti və sağlamlıq vəziyyəti barədə məlumatların verilməsi öhdəliyini bir daha təsdiqləyib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanın növbəti müraciətini rədd edərək hökumətin saxlanılan şəxslərin vəziyyəti ilə bağlı məlumat təqdim etmə öhdəliyini qüvvədə saxlayıb.

“Sputnik Armenia” bu barədə “Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzi” ictimai təşkilatına istinadən məlumat yayıb. Bildirilir ki, Azərbaycan tərəfi vaxtaşırı AİHM-ə müraciət edərək ölkə ərazisində saxlanılan erməni məhbuslarla bağlı məlumat verilməsini nəzərdə tutan aralıq qərarın ləğvini istəyir. Rəsmi Bakı məhkəmə proseslərinin açıq və şəffaf keçirildiyini bəyan edir.

Məlumata görə, aprelin 9-da AİHM Azərbaycanın növbəti müraciətini rədd edib və hökuməti saxlanılan şəxslərin saxlanma şəraiti, tibbi müayinələri və müalicələri barədə məlumatları təqdim etməyə yenidən məcbur edib.

Bundan əlavə, məhkəmə Azərbaycan tərəfinə erməni məhbuslara qarşı başlanmış cinayət işləri üzrə çıxarılmış məhkəmə qərarlarının surətlərini təqdim etməyi tapşırıb. Bu sənədlərdə hakimlərin təqdim olunan sübutlara əsaslanan əsaslandırmaları da yer almalıdır.

Daha əvvəl “Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzi”nin rəhbəri Siranuş Saakyan bildirmişdi ki, Azərbaycanda saxlanılan erməni məhbusların yaxınları və nümayəndələri Ermənistan Xarici İşlər Nazirliyinə müraciət edərək beynəlxalq humanitar hüquq çərçivəsində “himayədar dövlət” mexanizminin işə salınmasını xahiş ediblər.

2025-ci ilin yanvarında başlanan tanınmayan “Dağlıq Qarabağ respublikası”nın keçmiş rəhbərlərinin məhkəmə prosesi fevralın 5-də başa çatıb.

Qarabağdakı separatçı qurumun keçmiş “dövlət naziri” Ruben Vardanyan 20 il müddətinə azadlıqdan məhrum edilib. "Dağlıq Qarabağ Respublikasının keçmiş prezidenti" Araik Arutyunyan, "keçmiş müdafiə naziri" Levon Mnatsakanyan və "Müdafiə nazirinin birinci müavini" Davit Manukyan, "parlament sədri" Davit İşxanyan, "keçmiş xarici işlər naziri" Davit Babayan ömürlük həbs cəzasına məhkum ediliblər.

65 yaşdan yuxarı şəxslərə ömürlük cəza tətbiq edilmədiyindən Arkadi Qukasyan və Bako Saakyan 20 il həbs cəzası alıblar. Digər təqsirləndirilən şəxslərdən Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Kazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun