“Toplum TV işi” çərçivəsində həbs olunan Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev saxlanıldığı Bakı İstintaq Təcridxanasında təzyiqlərlə üzləşdiyini bildirir.
Bu barədə Babayevin ailə üzvləri “Toplum TV”yə məlumat verib. Onların sözlərinə görə, təcridxana rəhbərliyi ona aclıq aksiyasını dayandırmayacağı təqdirdə digər məhbusların saxlanma şəraitinin və onlara münasibətin daha da ağırlaşdırıla biləcəyi barədə xəbərdarlıq edib.
Yaxınları bildirirlər ki, Ramil Babayev bu məlumatı telefon danışığı zamanı çatdırıb, lakin söhbət başa çatmadan əlaqə kəsilib.
Məhbusun sözlərinə görə, aclıq aksiyasının əsas məqsədlərindən biri penitensiar müəssisədə saxlanılan şəxslərə qarşı pis rəftarın dayandırılmasına nail olmaqdır. O, bu səbəbdən aksiyanı davam etdirmək niyyətində olduğunu bildirib.
Ramil Babayev aprelin sonunda aclıq aksiyasına başlayıb, səkkiz gün sonra isə ona müvəqqəti ara verib. O zaman bunu Bakı İstintaq Təcridxanası rəhbərliyinin irəli sürdüyü tələblərin əksəriyyətini yerinə yetirməsi ilə əsaslandırıb.
Lakin Babayev daha sonra təcridxana rəisinin müavini Cavid Güləliyevin bir məhbusa zorakılıq tətbiq etdiyinin şahidi olduğunu iddia edərək mayın 25-də aksiyanı yenidən bərpa etdiyini açıqlayıb.
Onun irəli sürdüyü tələblər arasında təcridxanada işgəncə və ayrı-seçkilik hallarının aradan qaldırılması, cərimə kameralarında sanitar şəraitin yaxşılaşdırılması, məhbusların şikayətlərinin aidiyyəti qurumlara çatdırılmasının təmin edilməsi, siyasi məhbus kimi tanınan şəxslərin görüşlərinin dinlənilməməsi və eyni iş üzrə həbs edilmiş "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədlinin müalicəsinə imkan yaradılması da yer alır.
Babayev həmçinin Cavid Güləliyev barəsində Cinayət Məcəlləsinin işgəncə vermə, vəzifə səlahiyyətlərini aşma, qəsdən sağlamlığa yüngül zərər vurma və digər maddələri üzrə araşdırma aparılmasını tələb edir.
Qeyri-iş günü olduğu üçün məsələ ilə bağlı Penitensiar Xidmətin mövqeyini öyrənmək mümkün olmayıb.
Foto: sosial media