Mətbuat və Media Azadlığı Avropa Mərkəzi (ECPMF) “Meydan TV işi” üzrə həbs olunan jurnalist Aytac Tapdıq (Əhmədova) ilə bağlı bəyanat yayıb.
Təşkilat Azərbaycan hakimiyyətini jurnalisti dərhal azad etməyə, anası Dilrubə Amanovaya tətbiq olunan ölkədən çıxış qadağasını ləğv etməyə və ailə üzvlərinə qarşı bütün təzyiqlərə son qoymağa çağırıb.
“Azərbaycan hakimiyyətini “Meydan TV” jurnalisti Aytac Tapdığı dərhal azad etməyə, anasına qoyulan səyahət qadağasını aradan qaldırmağa və ailəsinə qarşı bütün təqiblərə son verməyə çağırırıq”, - bəyanatda deyilir.
ECPMF qeyd edir ki, Aytac Tapdıq 2024-cü ilin dekabrından etibarən Azərbaycanda həbsdə saxlanılır və ölkədə müstəqil jurnalistikaya qarşı təzyiqlər çərçivəsində cinayət təqibinə məruz qalan digər media nümayəndələri ilə eyni iş üzrə ittiham olunur.
Təşkilatın bildirdiyinə görə, təzyiqlər artıq jurnalistin ailəsinə də yönəlib. Bəyanatda vurğulanır ki, Aytac Tapdığın anası Dilrubə Amanova Almaniyanın paytaxtı Berlində yaşayan digər qızını ziyarət etmək üçün iki dəfə Azərbaycandan çıxmağa cəhd etsə də, buna imkan verilməyib.
“Dilrubə Amanova səyahət qadağasının götürüldüyü barədə məlumat aldıqdan sonra yeni biletlər alıb. Lakin mayın 12-də Bakı hava limanında yenidən ölkədən çıxışına icazə verilməyib”, - ECPMF qeyd edib.
Təşkilat həmçinin Aytac Tapdığın həbsdə olduğu müddətdə fiziki zorakılığa və təhdidlərə məruz qalması barədə məlumatlardan narahatlığını ifadə edib.
“Bu iddialar dərhal və müstəqil şəkildə araşdırılmalıdır”, - bəyanatda bildirilir.
ECPMF sonda Azərbaycan hakimiyyətini Aytac Tapdığı və peşə fəaliyyətlərinə görə həbs edilən bütün jurnalistləri azad etməyə çağırıb.
Mayın 12-də Aytac Tapdığın anası Dilrubə Amanovanın ölkədən çıxışına qadağa qoyulduğu açıqlanıb. Jurnalistin bacısı Aydan Soltanın sözlərinə görə, anası aprelin 30-da Berlinə getmək istəyərkən hava limanında ölkədən çıxışına məhdudiyyət qoyulduğunu öyrənib.
“Vəkilimizin DİN və Bakı Şəhər Baş Polis İdarəsinə müraciətindən sonra qadağanın aradan qaldırıldığı bildirildi. Buna görə yenidən mayın 12-nə Berlinə bilet aldıq. Lakin anam yenidən hava limanında saxlanıldı və çıxışına qadağa olduğu deyildi”, - o, sosial şəbəkədə yazıb.
Aydan Soltan bildirib ki, Dövlət Sərhəd Xidmətində onlara qadağanın Daxili İşlər Nazirliyi tərəfindən tətbiq edildiyi deyilib.
O, həmçinin vəkilə qeyri-rəsmi şəkildə “gedib Avropada çıxış etməsin” söylənildiyini iddia edib və qadağanı bacısı Aytac Tapdığın jurnalist fəaliyyəti ilə əlaqələndirib.
“Meydan TV işi” üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Ümüdova və Ülvi Tahirov 2024-cü ilin dekabrında saxlanılıblar.
2025-ci ildə isə Şəmşad Ağa, Fatimə Mövlamlı, Nurlan Libre (Qəhrəmanlı), Ülviyyə Əli (Quliyeva) və foto-müxbir Əhməd Muxtar həbs olunub.
Jurnalistlərə əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham irəli sürülüb, daha sonra isə ittihamlar ağırlaşdırılıb.
Onlar ittihamları qəbul etmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı siyasi sifariş olduğunu bəyan edirlər.