Belarus ölkədən çıxarılan keçmiş siyasi məhbusların pasportlarını ləğv edir: “Bu, Lukaşenkonun növbəti cinayətidir”

Belarus ölkədən çıxarılan keçmiş siyasi məhbusların pasportlarını ləğv edir: “Bu, Lukaşenkonun növbəti cinayətidir”
1 Aprel 2026
Mətni dəyiş

Belarus hakimiyyətinin ötən ilin sentyabr və dekabr aylarında azadlığa buraxıldıqdan sonra ölkədən deportasiya edilən siyasi məhbusların pasportlarını etibarsız saydığı bildirilir. Bu barədə “Vyasna” hüquq müdafiə təşkilatına keçmiş siyasi məhbusların özləri məlumat verib.

Qeyd olunur ki, bəzi hallarda deportasiya zamanı məhbuslara pasportları ümumiyyətlə geri qaytarılmayıb.

“Demək olar ki, hamının pasportu etibarsızdır”

Adının açıqlanmasını istəməyən, ötən ilin sentyabrında deportasiya edilən keçmiş siyasi məhbuslardan biri pasportunun etibarsız olduğunu təsadüfən öyrəndiyini bildirib:

“Bizimlə birlikdə azadlığa çıxanlardan biri öz məlumatlarını axtarış bazasında yoxlayıb və məlum olub ki, onun pasportu etibarsızdır”.

Onun sözlərinə görə, bundan sonra sentyabrda azad edilərək ölkədən çıxarılan digər şəxslər də Daxili İşlər Nazirliyinin saytında sənədlərini yoxlayıblar:

“Əlaqədə olduğum hamı yoxladı. Məlum oldu ki, hamının pasportu etibarsızdır. Məncə, sənədlərlə ölkədən çıxanların hamısına - təxminən 20–25 nəfərə - bu, şamil olunub”.

Həmin şəxsin pasportu 2031-ci ilə qədər qüvvədə olsa da, 30 mart 2026-cı il tarixinə etibarsız sayılıb. O bildirib ki, sənədin ləğvi ehtimal ki, Yeni ildən sonra həyata keçirilib, çünki ötən ilin noyabrında pasportdan problemsiz istifadə edib.

Digər keçmiş siyasi məhbus İlya Dubskiy də pasportunun ləğv edildiyini açıqlayıb. Onun sözlərinə görə, martın 30-da Belarus Daxili İşlər Nazirliyinin məlumat bazasında sənədini yoxlayarkən pasportunun etibarsız sayıldığını aşkar edib.

Dubskiy bildirib ki, ona Belarus ərazisinə giriş də qadağan olunub. Halbuki onun pasportu 2027-ci ilə qədər qüvvədə idi və hələ 2025-ci ilin payızında etibarlı sayılırdı.

Hazırda İlya Dubski Litvada yaşayır.

“Bu, Lukaşenkonun növbəti cinayətidir”

Sentyabrda azad edilərək deportasiya olunan bloqer Dmirti Kozlov da pasportunun etibarsız sayıldığını təsdiqləyib. Onun pasportu 2032-ci ilə qədər qüvvədə idi və 2022-ci ildə koloniyada dəyişdirilmişdi.

Kozlov bildirib ki, pasportun nə vaxt ləğv edildiyi məlum deyil:

“Cəmi bir həftə əvvəl Varşavaya gedib Brüsselə uçmuşdum, sənədlərim yoxlanıldı və heç bir problem olmadı. Görünür, Avropa yoxlamalarında Belarus DİN-in bazasına baxılmır. Amma daha ciddi yoxlamalarda bu, risk yaradır”.

Onun sözlərinə görə, bəzi ölkələrdə belə pasportla saxlanılmaq və hətta Belarusa təhvil verilmək riski mövcuddur:

“Bu, Lukaşenkonun növbəti cinayətidir. Deportasiya ilə yanaşı, bu addım da rejimin cinayətkar niyyətlərini bir daha təsdiqləyir”.

Digər keçmiş məhbuslar da eyni vəziyyətdədir

Hüquq müdafiəçiləri bildirir ki, eyni vəziyyət ötən ilin dekabrında azad edilərək ölkədən çıxarılan siyasi məhbuslara da aiddir.

Keçmiş siyasi məhbus Eduard Palçıs da pasportunun ləğv edildiyini açıqlayıb. O, ötən il martın 19-da azad edilərək Litvaya deportasiya olunub və pasportu ona qaytarılmayıb.

Palçıs sosial şəbəkədə yazıb:

“Pasportumu əvvəlcə əlimdən aldılar, indi isə etibarsız elan ediblər. Bu, əvvəlki azadlıqlardan fərqli olaraq yeni bir yanaşmadır”.

O əlavə edib ki, bu vəziyyət onları faktiki olaraq hüquqi statusu qeyri-müəyyən şəxslərə çevirir:

“Biz indi sanki beynəlxalq hüquqi baxımdan “sənədsiz” vəziyyətdəyik. Litvanın köməyi olmasaydı, müharibə dövrünün qaçqınlarını xatırladardıq”.

“Bu, təqiblərin davamıdır”

“Vyasna” təşkilatının hüquqşünası Svetlana Qalavnyeva bildirib ki, DİN saytında pasportun niyə etibarsız sayıldığı göstərilmir.

Onun sözlərinə görə, Belarus qanunvericiliyinə əsasən, pasportun etibarsız sayılması üçün müxtəlif səbəblər mövcuddur - müddətin bitməsi, zədələnməsi, məlumatların dəyişməsi və ya vətəndaşlığın itirilməsi kimi hallar.

Hüquqşünas hesab edir ki, deportasiya edilən siyasi məhbusların pasportları böyük ehtimalla formal olaraq “istifadəyə yararsız” kimi qeydə alınıb:

“Bu, adətən pasport zədələndikdə istifadə olunan səbəbdir. Görünür, bu addım deportasiya zamanı pasportların verilməməsini sonradan “leqallaşdırmaq” məqsədi daşıyır”.

Qalavnyevanın fikrincə, bu addım yalnız texniki məsələ deyil:

“Bu, deportasiya edilmiş şəxslərə qarşı təqiblərin davamıdır və onların ölkəyə normal qayıtmasını qeyri-mümkün edən şərait yaradır. Bu, Belarus hakimiyyətinin öz vətəndaşlarının məcburi deportasiyasını inzibati mexanizmlərlə möhkəmləndirməsi kimi qiymətləndirilə bilər”.

2025-ci ilin may ayından etibarən Belarusda 500-dən çox siyasi məhbus azadlığa buraxılıb. Mart ayında növbəti qrupun azad edilməsi isə danışıqlar prosesinin nəticəsi kimi qiymətləndirilir.

Bildirilir ki, ölkə rəhbəri Aleksandr Lukaşenko bu proses çərçivəsində Vaşinqtonla münasibətlərin normallaşdırılmasına və sanksiyaların yumşaldılmasına nail olmağa çalışır. Bu məqsədlə repressiyaların qismən zəiflədilməsi müqabilində razılaşmalar müzakirə olunur.

Bundan əvvəl Minskdə Lukaşenko ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Con Koul arasında görüş keçirilib.

“Vyasna” hüquq müdafiə mərkəzinin məlumatına görə, martın 19-dakı azad edilmələrdən əvvəl Belarusda 1100-dən çox siyasi məhbus qeydə alınmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun