Birləşmiş Millətlər Təşkilatının üç Xüsusi Məruzəçisi həbsdə olan jurnalist Ülviyyə Əlinin (Quliyeva) işi ilə bağlı Azərbaycan hökumətinə rəsmi müraciət göndərib. Bu barədə məlumat “Voice of Ulviyya Ali” səhifəsində yayılıb.
Bildirilib ki, 2025-ci il yanvarın 16-da göndərilən müraciət jurnalistin həbsi, ona qarşı pis rəftar iddiaları və uzunmüddətli həbsinin hüquqi əsasları ilə bağlı toplanmış materiallara əsaslanır.
Məruzəçilərin təqdim etdiyi məlumatlara görə, Ülviyyə Əli “Meydan TV işi” üzrə əvvəlcə şahid qismində ifadəyə çağırılıb və ona ölkədən çıxış qadağası qoyulub. Daha sonra 2025-ci il mayın 6-da saxlanılıb. Onun həbsinin prosedur pozuntuları ilə müşayiət olunduğu, axtarış zamanı qaydalara əməl edilmədiyi və mənzildə aşkarlandığı iddia edilən nağd vəsaitin jurnalistə aid olmadığı bildirilib.
Müraciətdə həmçinin qeyd olunur ki, jurnalist saxlanıldığı zaman və sonrakı dövrdə polis bölməsində fiziki təzyiqə, hədələrə və qeyri-insani rəftara məruz qaldığını bildirib. Onun sözlərinə görə, telefon və digər cihazlarının şifrələrini verməsi üçün zorakılıq tətbiq edilib.
Sənəddə hüquqi prosedurlarla bağlı da narahatlıqlar yer alır. Bildirilir ki, Ülviyyə Əlinin həbs vaxtı rəsmi sənədlərdə fərqli göstərilib, vəkilə vaxtında çıxışı təmin olunmayıb, seçdiyi müdafiəçi ilə görüş imkanları məhdudlaşdırılıb. Apellyasiya şikayətlərinin əsaslandırılmadan rədd edildiyi də vurğulanır.
Məruzəçilər jurnalistin səhhəti ilə bağlı vəziyyətə də diqqət çəkir. Onun əvvəlcədən mövcud olan xəstəliklərinin həbs şəraitində ağırlaşdığı, lakin zəruri tibbi müayinələrin və müalicənin təmin edilmədiyi qeyd olunur.
BMT nümayəndələri hesab edir ki, Ülviyyə Əlinin həbsi onun jurnalist fəaliyyəti və ifadə azadlığı ilə əlaqəli ola bilər. Onlar bir sıra beynəlxalq hüquq normalarının - o cümlədən Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 7, 9, 10, 14 və 19-cu maddələrinin, həmçinin qadınlara qarşı zorakılıqla bağlı öhdəliklərin mümkün pozuntularını qeyd ediblər.
Müraciətdə Azərbaycan hökumətinə jurnalistin təhlükəsizliyinin təmin edilməsi, vəkillə konfidensial əlaqəsinin bərpası, tibbi yardıma çıxışın təmin olunması, zorakılıq iddialarının araşdırılması və həbsin zəruriliyinin yenidən qiymətləndirilməsi çağırışı edilib. Hökumətə cavab üçün 60 gün müddət verildiyi bildirilib.
Müraciəti qadınlara qarşı zorakılıq üzrə Xüsusi Məruzəçi Rim Alsalam, fikir və ifadə azadlığı üzrə Xüsusi Məruzəçi Ayren Xan və hakimlərin və vəkillərin müstəqilliyi üzrə Xüsusi Məruzəçi Marqaret Sattertveyt hazırlayıb.
Ülviyyə Əli 2025-ci il mayın 6-da “Meydan TV işi” üzrə saxlanılıb. Ona qarşı əvvəlcə qaçaqmalçılıq ittihamı irəli sürülüb, daha sonra ittiham ağırlaşdırılıb. Jurnalist ittihamları qəbul etmir və həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir.
Yerli hüquq müdafiəçilərinin məlumatına görə, hazırda Azərbaycanda 340 siyasi məhbus var. Hökumət isə bu iddiaları rədd edərək saxlanılan şəxslərin konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunduğunu bildirir.
Foto: Sosial Media