10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Ayxan İsrafilovun müəssisədə fiziki zorakılığa məruz qaldığı iddia olunur.
Bu barədə onun yaxınları “Abzas Media”ya məlumat verib. Bildirilib ki, hadisə İsrafilov müəssisə rəisinin müavini Kamran Şahsuvarovun qəbulunda olduğu zaman baş verib.
Yaxınlarının sözlərinə görə, İsrafilov daha əvvəl də qəbul zamanı müavinin ona hörmətsiz münasibət göstərdiyini deyib. Onun bildirdiyinə görə, sonuncu belə hal aprelin 13-də baş verib:
“Dəfələrlə müavinin qəbulunda olanda mənə qarşı hörmətsiz davranıb. Sonuncu dəfə aprelin 13-də qəbulda oldum. Yenə məni dinləmirdi. Dedim ki, bəlkə sizə mane oluram. Mənimlə kobud danışmağa başlayanda xahiş etdim ki, mənə qarşı rəftarını dəyişsin”.
Məlumata görə, hadisədən sonra müəssisənin əməliyyatçısı Ruslan Hətəmov İsrafilovdan izahat yazmasını tələb edib. İsrafilov əvvəlcə buna etiraz etsə də, sonradan razılaşıb, lakin yenidən müavinin qəbuluna getmək istəmədiyini deyib.
“Əməliyyatçı dedi ki, narahat olma, heç olmasa öz xeyrinə yaz. Dedim ki, yazaram, amma müavinin qəbuluna getməyəcəm. O yenidən kobud danışacaq, problem yaranacaq. Əvvəl razılaşsa da, sonra məni yenə müavinin qəbuluna apardı. Sonuncu dialoqumuz da sərt keçdi”, - deyə yaxınlarının təqdim etdiyi məlumatda qeyd olunur.
İddialara görə, zorakılıq hadisəsi məhz həmin görüşdən sonra baş verib. Bildirilir ki, İsrafilov hörmətsiz münasibətə etiraz etdikdən sonra vəziyyət gərginləşib və müəssisə rəisinin müavini ona qarşı fiziki zorakılıq tətbiq edib.
Ayxan İsrafilovun yaxınlarına verdiyi məlumata görə, Kamran Şahsuvarov onu boynundan tutaraq yerə əyib və döyməyə başlayıb. İsrafilov huşunu itirdiyini, təxminən bir saat sonra özünə gəldiyi bildirib. Onun boynunda zorakılıq izlərinin qaldığı qeyd olunur.
Məlumata əsasən, hadisə zamanı müəssisədə saxlanılan “Abzas Media”nın direktoru Ülvi Həsənli, həmçinin Cəfər Mirzəyev, Şahin Hacıyev və adlarının açıqlanmasını istəməyən digər məhbuslar da baş verənlərin şahidi olub.
Məsələ ilə bağlı 10 saylı Cəzaçəkmə Müəssisəsindən və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
Ayxan İsrafilov 2023-cü ilin avqustunda saxlanılıb. Ona əvvəlcə narkotiklərlə bağlı ağır ittihamlar irəli sürülsə də, sonradan Cinayət Məcəlləsinin 234.1.1-ci maddəsinə dəyişdirilib. O, ittihamları qəbul etmir və həbsini ictimai fəaliyyəti ilə əlaqələndirir.
2024-cü il aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilib.
“İşçi Masası” kuryerlərin hüquqları uğrunda fəaliyyət göstərən müstəqil təşkilatdır. Təşkilatın digər üzvləri - Afiəddin Məmmədov, Elvin Mustafayev və Möhyəddin Orucov da müxtəlif ittihamlarla həbs olunublar. Hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyır.
Foto: sosial media