Beynəlxalq Mətbuat İnstitutu (IPI) “Abzas Media işi” üzrə yeddi jurnalistə qarşı çıxarılan və siyasi motivli hesab edilən uzunmüddətli həbs cəzalarını Ali Məhkəmənin qüvvədə saxlamasını pisləyib.
Təşkilatın bəyanatında bildirilir ki, Ali Məhkəmənin bu qərarları ölkədə mətbuat azadlığını və müstəqil jurnalistikanı aradan qaldırmaq məqsədi daşıyan uzunmüddətli siyasətin tərkib hissəsidir.
Son qərarlarla “Abzas Media” və “Azadlıq Radiosu”nun jurnalistləri üçün ölkə daxilində bütün hüquqi müdafiə imkanlarının tükəndiyi qeyd olunur. IPI onların azadlığa buraxılması istiqamətində fəaliyyətini davam etdirəcəyini, həmçinin işin Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) çıxarılması da daxil olmaqla ədalətin təmininə yönəlmiş bütün təşəbbüsləri dəstəklədiyini vurğulayıb.
Ali Məhkəmə aprelin 3-də iş üzrə həbs edilən jurnalistlərin kassasiya şikayətlərini əsassız hesab edərək rədd edib. “Abzas Media”nın açıqlamasına görə, bu qərarla “ölkə daxilində ədalət qapıları tam bağlanıb və həmkarlarımız ümumilikdə 57 il həbs cəzası ilə üz-üzə qalıb”.
Yekun qərarlara əsasən, Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadənin hər biri 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
2023-cü ildə polis “Abzas Media”nın ofisində axtarış apararaq 40 min avro nağd vəsait aşkar etdiyini iddia edib və qurumun Qərb ölkələrindən qeyri-qanuni maliyyə aldığı barədə ittiham irəli sürüb. Növbəti üç ay ərzində altı jurnalist həbs olunub. 2024-cü ildə isə “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə də saxlanılıb. Həm o, həm də “Abzas Media” onun qurumla əlaqəsinin olmadığını bəyan edib. Jurnalistlər 2025-ci ilin iyununda hökmlər çıxarılanadək əsassız olaraq istintaq təcridxanasında saxlanılıb.
Həbsdə olduqları müddətdə jurnalistlərə qarşı pis rəftar halları barədə məlumatlar yayılıb. Ülvi Həsənlinin təmiz geyimlə təmin olunmadığı, sınmış çarpayıda yatmağa məcbur edildiyi və iki təcridxana əməkdaşının fiziki zorakılığına məruz qaldığı bildirilir. O, sağlamlığı ilə bağlı narahatlıqların artdığı bir vaxtda 2025-ci ilin avqust ayının əvvəlində başa çatdırdığı 17 günlük aclıq aksiyası keçirib.
“Abzas Media”nın qadın jurnalistləri - Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova da cəzaçəkmə müəssisəsində təzyiq və cəzalara məruz qaldıqlarını bildiriblər. Həsənliyə dəstək məqsədilə aclıq aksiyası keçirdikdən sonra onlar duş, havalandırma və açıq pəncərə olmayan təcrid otaqlarına yerləşdiriliblər. Məlumata görə, Nərgiz Absalamova yüksək vəzifəli həbsxana əməkdaşının fiziki zorakılığına məruz qalıb və nəticədə qollarında görünən xəsarətlər yaranıb.
IPI-nin tərəfdaş olduğu Avropa Şurasının Jurnalistlərin Təhlükəsizliyi Platformasının məlumatına görə, hazırda Azərbaycanda azı 36 jurnalist həbsdədir. Bu göstərici ölkəni regionda jurnalistləri ən çox həbs edən dövlətə çevirir və onların bir çoxu ağır şəraitdə saxlanılır.
IPI-nin qlobal şəbəkəsi davam edən hüquqi təqiblər fonunda “Abzas Media” və “Azadlıq Radiosu”nun əməkdaşları ilə həmrəy olduğunu, həmçinin həbsdə olan bütün azərbaycanlı jurnalistləri dəstəklədiyini bəyan edib.
Təşkilat son məhkəmə qərarlarından sonra jurnalistlərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılması çağırışını bir daha təkrarlayıb və beynəlxalq ictimaiyyəti Azərbaycan hakimiyyətinə təzyiq göstərərək jurnalistlərin əsassız həbslərinə görə məsuliyyətin təmin olunmasına çağırıb.
2023-cü ilin noyabrından etibarən “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova, həmçinin “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs edilib.
Onlara qarşı qaçaqmalçılıq və digər ağır maliyyə cinayətləri ilə bağlı ittihamlar irəli sürülüb. Jurnalistlər ittihamları qəbul etmir və cinayət təqibinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da onların azadlığa buraxılmasına çağırıblar.
2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Sentyabrın 9-da Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
2026-cı il aprelin 3-də isə Ali Məhkəmə təqsirləndirilən şəxslərin kassasiya şikayətini təmin etməyərək əvvəlki qərarı dəyişmədən saxlayıb.