İraqın paytaxtı Bağdadda ABŞ jurnalisti Şelli Kittlsonun oğurlandığı bildirilir. “CNN” telekanalı ilə əməkdaşlıq edən jurnalisti İranın dəstəklədiyi deyilən “Kətaib Hizbullah” qruplaşması ilə əlaqəli şəxslərin qaçırdığı qeyd edilir.
Onun həmkarı Aleks Plitsas martın 31-də “X” sosial şəbəkəsində yazıb ki, Kittlsonun harada olduğu və vəziyyətinin necə olduğu barədə məlumat yoxdur.
İraq Daxili İşlər Nazirliyi xarici jurnalisti “naməlum şəxslərin” qaçırdığını açıqlayıb. ABŞ Dövlət Departamenti isə amerikalı jurnalistin oğurlanması barədə məlumatlı olduğunu bildirib. Departamentin sözçüsü Dilan Conson qeyd edib ki, jurnalist əvvəllər təhlükələr barədə xəbərdar edilmişdi.
“Onun mümkün qədər tez azad olunmasını təmin etmək üçün FTB ilə koordinasiyanı davam etdirəcəyik”, - deyə Conson “X” sosial şəbəkəsində yazıb.
Açıqlamada bildirilir ki, oğurlanma hadisəsində iştirak etdiyi ehtimal olunan və İranın dəstəklədiyi “Kətaib Hizbullah” qruplaşması ilə əlaqəli bir nəfəri artıq İraq hüquq-mühafizə orqanları saxlayıb.
İraq təhlükəsizlik rəsmisi “The National” nəşrinə itkin düşən şəxsin məhz Şelli Kittlson olduğunu təsdiqləyib. Nazirlik də bildirib ki, şübhəlilərdən biri qaçmağa cəhd edərkən tutulub, digər iştirakçıların müəyyən edilməsi və jurnalistin azad edilməsi istiqamətində əməliyyatlar davam edir.
Bağdadda fəaliyyət göstərən Kittlson Yaxın Şərq və Əfqanıstandan reportajlar hazırlayır. O, “Al Monitor” və “New Lines” jurnalı da daxil olmaqla bir sıra nüfuzlu nəşrlərlə əməkdaşlıq edib. Son həftələrdə isə Suriyadan reportajlar hazırladığı bildirilir.
“Al Monitor” nəşri yaydığı bəyanatda jurnalistin oğurlanmasından ciddi narahatlıq keçirdiyini bildirib və onun dərhal və təhlükəsiz şəkildə azad olunmasına çağırış edib.
Son aylarda regionda davam edən müharibə fonunda İraqda təhlükəsizlik vəziyyəti daha da gərginləşib. ABŞ səfirliyi amerikalı vətəndaşlara ölkəni tərk etməyi tövsiyə edib. İraq ərazisində həm ABŞ hərbi qüvvələrinin, həm də İranla əlaqəli silahlı qrupların mövcudluğu ölkəni qarşıdurmaların mərkəzinə çevirir.
“Kətaib Hizbullah” qruplaşması 2023-cü ildə Bağdadda oğurlanan rus və İsrail vətəndaşı, tədqiqatçı Yelizaveta Tsurkovanı təxminən iki il saxlamışdı. O, 2025-ci ildə azad edilib.