Aprelin 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meclis.info işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Prosesdə təqsirləndirilən İmran Əliyev, polis nəzarətində saxlanılan Elgiz Qəhrəman və Tamella Musayeva iştirak ediblər.
Hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənlərdən İmran Əliyev sərbəst ifadə verib.
İmran Əliyev ifadəsində əvvəlcə təhsili, özünün və rəhbəri olduğu “Meclis.info” portalının fəaliyyəti haqqında məhkəməni ətraflı məlumatlandırıb. O bildirib ki, platforma fəaliyyətini yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirib, ABŞ Səfirliyi, USAİD, “German Marşal Fondu” kimi təşkilatlardan maliyyə dəstəyi alıblar.
“3 il ərzində VÖEN əsasında ölkə daxilində əldə etdiyim gəlirlərə görə rəsmi vergi ödəmişəm”, - deyə o bildirib.
Daha sonra İmran Əliyev saxlanıldığı zaman üzləşdiyi zorakılıq hallarından danışıb. Onun sözlərinə görə, 2024-cü il aprelin 18-də Heydər Əliyev adına Hava Limanında gömrük nəzarətindən keçdikdən sonra sərhəd qoşunlarının polkovnik-leytenantı onu saxlayıb və mülki geyimli şəxslərə təhvil verib.
“Hava limanı ərazisindən zorla çıxarılaraq Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) gətirildim. Yolboyu və daha sonra idarədə başımda qara torba olub, zorakılığa məruz qalmışam”, - deyə Əliyev bildirib.
İmran Əliyevin sözlərinə görə, BŞBPİ-də işgəncələrə məruz qalıb, ondan texniki avadanlıqlarının parollarını deməsi və göstərilən sənədlərə imza atması tələb olunub.
“Mənə işgəncə edilərkən otaqda bu iş üzrə müstəntiq olmuş Toğrul Hüseynov və Samir İsmayılov, bir neçə idmançı görkəmli şəxs var idi. Onlar ara-sıra başımdan torbanı çıxararaq sənədlərə imza atmamı tələb edirdilər. Qeyd edim ki, bunların hamısı vəkilim olmadan edilirdi. Sənədlərlə tanış olmaq, yaxud nəsə fikir bildirmək istəyəndə mənə tok verib şillə-yumruq vuraraq deyirdilər ki, ‘gecdir, evə, arvad-uşağın yanına getməliyik’”.
İmran Əliyev həmin gün evində aparılan axtarış-götürmə əməliyyatı barədə də danışıb. Onun sözlərinə görə, 3 otaqlı mənzillərində geyimlərini saxladığı siyirmədən 77 ədəd 100 dollarlıq əskinas çıxarılıb. Pulun miqdarını isə bir gün sonra öyrənə bilib.
“Axtarışdan sonra məni BŞBPİ-yə geri qaytardılar, yenə hansısa sənədlərə imza atmağımı tələb etdilər. Dəfələrlə öz vəkilimi tələb etsəm də, gecə saatlarında dövlət hesabına vəkillə təmin olundum. O saatdan sonra vəkil hər dəfə otaqdan çıxırdı, həmin müddətdə isə mənə işgəncə verirdilər. Gecə 3-4 arası Xətai Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerinə aparıldım. Orada üzümdəki və bədənimdəki işgəncə izlərini qeydə alsalar da, oraya o halda daxil olduğumu yazdılar”.
İmran Əliyevin sözlərinə görə, aprelin 20-də Xətai Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçildikdən sonra yenidən BŞBPİ-yə aparılıb.
“Orada mənə tok verən rəis bildirdi ki, işgəncələr və zorla sənəd imzalanması ilə bağlı heç kimə deməyim və mövzu elə orada qapansın”.
İmran Əliyev bildirib ki, daha sonra aparıldığı Bakı İstintaq Təcridxanasında müəssisənin rəhbəri Elnur İsmayılov da ona işgəncələr və bilmədiyi sənədlərə imza atması barədə susmasını söyləyib.
“Mənə dedi ki, ‘Bu barədə heç yerdə danışma, bunu ictimailəşdirmə. Heç bir vəsatət də vermə. Çünki qardaş qardaşın ayağını tapdalamaz’. O, bununla Ədliyyə Nazirliyinin Penitensiar Xidmətini və Daxili İşlər Nazirliyini nəzərdə tuturdu”, - İmran Əliyev deyib.
İmran Əliyev ona qarşı irəli sürülən bütün ittihamları rədd edib, həbsinin siyasi sifariş olduğunu və ictimai fəaliyyətini məhdudlaşdırmaq məqsədi daşıdığını bildirib.
O, digər təqsirləndirilən şəxslərdən Elgiz Qəhrəmanı ictimai fəal kimi tanıdığını, onunla heç bir işgüzar əməkdaşlığının olmadığını deyib.
Tamella Musayevanın isə yalnız xidməti müqavilə əsasında vergi ödənişləri və köçürülmələrin həyata keçirilməsində ona yardım etdiyini bildirib.
İmran Əliyev dövlət ittihamçısı və məhkəmə heyətinin suallarını cavablandırmaqdan imtina edib.
Proses zamanı o, bir neçə vəsatət də verib. İmran Əliyev saxlanıldığı zaman və sonrasında ona işgəncə verən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edib. O, həmçinin ibtidai istintaq dövründə müdafiə hüququnun pozulması faktının tanınmasını istəyib.
Bundan başqa, o, ibtidai istintaq zamanı qəbul edilən qərarların qanunsuz hesab edilməsini və həmin qərarları qəbul edən vəzifəli şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edib.
İmran Əliyev iş materiallarında olan video və audio sübutlarla tanış olmaq üçün şərait yaradılması barədə də vəsatət verib.
Məhkəmə son vəsatət istisna olmaqla digər tələbləri təmin etməyib.
Sənədlərin tədqiq olunması ilə davam edəcək növbəti məhkəmə prosesi mayın 5-nə təyin edilib.
İmran Əliyev 2024-cü il aprelin 18-də Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb. Ona əvvəlcə Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb, daha sonra ittihamların genişləndirildiyi açıqlanıb.
Elgiz Qəhrəman və Tamella Musayeva isə bu iş üzrə 2025-ci ilin fevralında cinayət məsuliyyətinə cəlb olunublar və barələrində polis nəzarəti qətimkan tədbiri seçilib.
Hazırda hər üç şəxs barəsində 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan səkkiz ağır maddə ilə ittiham irəli sürülüb.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları “Meclis.info işi”ni siyasi motivli hesab edir və təqsirləndirilən şəxslərin azadlığa buraxılmasını tələb edirlər.
Foto: sosial media, Elgiz Gahraman