Mart–aprel aylarında yağan intensiv leysan yağışları nəticəsində yaranan sel və daşqınların fəsadlarının aradan qaldırılması məqsədilə dövlət tərəfindən əlavə maliyyə vəsaiti ayrılıb. Bununla belə, bəzi ərazilərdə problemlərin hələ də qalması sakinlərin narazılığına səbəb olub və onlar məsul qurumların fəaliyyətini tənqid edirlər.
Prezident İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində leysan yağışlarının yaratdığı fəsadların aradan qaldırılması, eləcə də bu kimi halların gələcəkdə təkrarlanmaması üçün ümumilikdə 85 milyon 869 min manatdan çox vəsait ayrılıb.
Ayrılan vəsait Prezidentin ehtiyat fondu hesabına maliyyələşdiriləcək və müxtəlif dövlət qurumları arasında bölüşdürüləcək.
Fövqəladə Hallar Nazirliyinə 8,8 milyon manat, Bakı Şəhər İcra Hakimiyyətinə 1,4 milyon manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 21,4 milyon manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 39,1 milyon manat, “Azərişıq” ASC-yə isə 15 milyon manatdan çox vəsait ayrılması nəzərdə tutulur.
Bildirilir ki, Maliyyə Nazirliyi vəsaitin vaxtında ayrılmasını təmin etməli, Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələlərin həlli ilə məşğul olmalıdır.
Sərəncama görə, bu ilin mart–aprel aylarında yağan güclü leysan yağışları nəticəsində Bakı və ölkənin müxtəlif bölgələrində sel və daşqınlar baş verib, kənd təsərrüfatına, yol və körpü infrastrukturuna, elektrik təsərrüfatına və yaşayış evlərinə ciddi ziyan dəyib.
Rəsmi məlumatlara görə, su basmış ərazilərdən suların çəkilməsi, əhalinin təhlükəsiz ərazilərə təxliyəsi və ilkin bərpa işləri həyata keçirilib.
Sərəncama əlavə edilmiş siyahıda konkret layihələr də əksini tapıb. Keşlə qəsəbəsində, R.Bağırov küçəsi 36/12 “b” ünvanında yerləşən fərdi yaşayış evi kollektor üzərində tikildiyi üçün təhlükəli hesab edilərək sökülüb və həmin evin sakinlərinə birdəfəlik maddi yardım ödənilməsi nəzərdə tutulur.
Eyni zamanda, Keşlə qəsəbəsində M.Ə.Sabir və B.Mirzəyev küçələrində yerləşən, çirkab suların təsirinə məruz qalmış 61 fərdi yaşayış evində təmir-bərpa işlərinin aparılması planlaşdırılır. Bu evlərin sakinlərinə yararsız hala düşmüş məişət əşyalarına görə kompensasiya veriləcək, həmçinin onların üç aylıq kirayə xərcləri qarşılanacaq.
Sərəncama əsasən, Sabunçu rayonu A.Əsədullayev küçəsində yerləşən tuneldə kanalizasiya kollektorunun çökməsi aradan qaldırılacaq və xətt yenidən qurulacaq. Bundan əlavə, sel nəticəsində dağılan fərdi yaşayış evlərinin tikintisi Bakı ilə yanaşı Binəqədi, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Quba və Xızı rayonlarında həyata keçiriləcək. Paytaxtın Suraxanı, Səbail, Binəqədi və Xətai rayonlarında isə istinad divarlarının inşası nəzərdə tutulur.
Mart ayının sonu və aprelin əvvəlində yağan aramsız və intensiv yağışlar xüsusilə Bakı və Abşeron yarımadasında ciddi fəsadlara yol açıb. Bir çox ərazilərdə küçə və həyətlər günlərlə su altında qalıb, bəzi yerlərdə nəqliyyatın hərəkəti tam iflic olub. Sakinlər evlərindən çıxmaqda çətinlik çəkdiklərini, həyət və zirzəmilərə dolan suların uzun müddət çəkilmədiyini bildiriblər.
Sosial şəbəkələrdə yayılan görüntülərdə xüsusilə Keşlə, Zabrat, Binəqədi və digər ərazilərdə evlərin içərisinə qədər su dolduğu, məişət əşyalarının yararsız hala düşdüyü əks olunub. Bəzi sakinlər günlərlə elektrik enerjisinin verilmədiyini, kanalizasiya sisteminin normal işləmədiyini və çirkab suların küçələrə axdığını qeyd ediblər.
Vətəndaşlar iddia edirlər ki, yağış sularının axıdılması üçün nəzərdə tutulan drenaj və kanalizasiya sistemlərinin illərdir təmizlənməməsi və ya ümumiyyətlə mövcud olmaması vəziyyəti daha da ağırlaşdırıb. Onların sözlərinə görə, bəzi ərazilərdə tikinti işləri zamanı kommunikasiya xətləri nəzərə alınmayıb və nəticədə hər güclü yağışdan sonra eyni problemlər təkrarlanır.
Yayılan videolarda bəzi küçələrdə avtomobillərin yarıya qədər suya batdığı, piyadaların isə alternativ yollar axtarmağa məcbur qaldığı görünür. Sakinlər məsul qurumların hadisələrə gec reaksiya verdiyini, bəzi hallarda isə ümumiyyətlə müdaxilə etmədiyini bildirərək səhlənkarlıqdan şikayət edirlər.
Bu ilin əvvəlində keçirilən müşavirədə çıxış edən Prezident İlham Əliyev problemin əsas səbəblərindən biri kimi kanalizasiya sisteminin zəifliyini göstərmişdi.
“Leysan yağışlar yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır”, – deyə o bildirib. Prezidentin sözlərinə görə, problemin həlli üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsinin qurulması, eyni zamanda şəhərdə kanalizasiya ilə təminat səviyyəsinin mövcud 50 faizdən 95 faizə çatdırılması planlaşdırılır.
Bakı kanalizasiya sisteminin yenidən qurulması və bərpası üçün əvvəlki illərdə də dəfələrlə vəsait ayrılıb. 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə paytaxtda yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi məqsədilə işçi qrupu yaradılmış, həmin quruma o dövrdə Prezident Administrasiyasının rəhbəri olan Ramiz Mehdiyev sədr təyin edilmişdi.
2017-ci ilin mayında isə sabiq baş nazir müavini Abid Şərifov ümumilikdə 14 layihənin icrasının planlaşdırıldığını, onlardan 12-si üçün 14 milyon 200 min manat vəsait ayrıldığını bildirmişdi. Lakin sonrakı dövrdə bu layihələrin icra vəziyyəti və taleyi ilə bağlı ictimaiyyətə ətraflı məlumat verilməyib.
Bundan başqa, Bakı şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Plana əsasən, 2020–2040-cı illər ərzində paytaxtın su təchizatı və kanalizasiya sisteminin qurulması üçün ümumilikdə 9,2 milyard manat vəsait tələb olunur. Bu məbləğin 487,9 milyon manatı yalnız yağış sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya xətlərinin çəkilişinə ayrılmalıdır.
Hazırda rəsmi qurumların sel və daşqınların fəsadlarının aradan qaldırılması istiqamətində işləri davam etdirdiyi bildirilsə də, sosial şəbəkələrdə yayılan son görüntülər bəzi ərazilərdə problemlərin hələ də tam həll olunmadığını göstərir.