“Sərhədsiz Reportyorlar” Təşkilatı (RSF) Ali Məhkəmənin “Abzas Media işi” çərçivəsində həbsdə olan jurnalistlər barəsində qərarını kəskin tənqid edib və bunu jurnalist fəaliyyətinə görə verilmiş cəza kimi qiymətləndirib.
Təşkilat jurnalistlərin kassasiya şikayətlərinin rədd edilməsi və onların uzunmüddətli həbs cəzalarının qüvvədə saxlanılması ilə bağlı bəyanat yayıb. RSF qərarı qətiyyətlə pislədiyini bildirərək məhkəmə prosesini özbaşına və ədalətsiz adlandırıb.
“Ləyaqətsiz saxlanma şəraiti, özbaşına həbslər və açıq-aşkar ədalətsiz məhkəmə prosesi – Azərbaycan rejimi “Abzas Media” jurnalistlərini sadəcə öz işlərini gördüklərinə görə cəzalandırır. Beynəlxalq ictimaiyyət həbsdə zorakılığa görə cəzasızlıq və ədalətin sistemli şəkildə inkarını qəbul edtməməlidir”, - RSF-in Şərqi Avropa üzrə nümayəndəsi Alena Struj deyib.
RSF-in yaydığı bəyanatda bildirilir ki, Ali Məhkəmə aprelin 3-də iş üzrə həbs edilən jurnalistlərin kassasiya şikayətlərini əsassız hesab edərək rədd edib. Bununla da onların uzunmüddətli həbs cəzaları qüvvədə qalıb və ölkədaxili son məhkəmə instansiyası da tükənmiş sayılır.
Bəyanatda vurğulanır ki, proses zamanı ciddi hüquqi pozuntular qeydə alınıb. Kassasiya şikayəti məhz məhkəmə araşdırması zamanı baş vermiş fundamental prosedur pozuntularına yönəlib.
İnsan hüquqları təşkilatları və mühacirətdə fəaliyyət göstərən media qurumları ittihamların müstəqil yoxlanılması üçün sübutlara çıxışın təmin edilmədiyini sənədləşdiriblər. Bundan əlavə, təzyiq altında verildiyi ehtimal olunan və sonradan geri götürülən şübhəli şahid ifadələrinin mövcudluğu qeyd olunur.
Müdafiə tərəfi son iclasda bildirib ki, prokurorluq valyuta qaçaqmalçılığı ittihamlarını təsdiqləyən əsaslı sübut təqdim etməyib. Jurnalistlərin redaksiyada aşkar olunduğu iddia edilən 40 min avronu daşıması, gizlətməsi və ya bu barədə məlumatlı olması ilə bağlı heç bir dəlil yoxdur.
İttiham əsasən fərziyyələrə və əlaqələr üzərindən qurulan günahlandırmalara əsaslanır. Peşəkar və sosial əlaqələr konkret sübutların əvəzinə təqdim olunur. Müşahidəçilər həmçinin məhkəmə prosesində hakim və prokurorların alçaldıcı davranışları barədə məlumat veriblər.
Ali Məhkəmədə dinləmələr 6 mart 2026-cı ildə başlayıb və cəmi 3 proses keçirilib. Məhkəmə prokurorluğun şikayətlərin rədd edilməsi ilə bağlı tələbini təmin edib.
Bəyanatda qeyd olunur ki, son prosesdə dörd jurnalistdən üçü məhkəmə prosesində iştirak edə bilməyib və onların mövqeyini vəkilləri təqdim edib.
Vəkilinin səsləndirdiyi çıxışında baş redaktor Sevinj Vaqifqızı birbaşa prezidentə müraciət edib.
“Cənab Əliyev, məhkəmələrə qanunsuz göstərişlər verməyi dayandırın. Hakimlərə baxdıqları işlər üzrə müstəqil qərarlar qəbul etməyə imkan verin. Bizim məhkum edilməyimizlə bağlı göstəriş verən şəxs İlham Əliyevdir - biz onun ailəsindəki korrupsiya hallarını ifşa etmişik”, - jurnalistin çıxışından bir hissədə deyilib.
Araşdırmaçı jurnalist Hafiz Babalı isə həbsin təsirləri barədə danışıb:
“Mən 28 aydır həbsdəyəm və bu müddət ərzində pensiyama çıxışım yoxdur. Ciddi sağlamlıq problemlərim var. Əvvəllər pensiyamı müalicəyə sərf edirdim, indi isə bu imkan əlimdən alınıb”.
RSF bəyanatında vurğulayır ki, “Abzas Media” Azərbaycanın siyasi elitasında korrupsiya ilə bağlı araşdırmaları ilə tanınır. 2023-cü ilin noyabrından etibarən eyni iş üzrə altı jurnalist həbs edilib və 2025-ci ilin iyununda doqquz ilədək həbs cəzasına məhkum olunublar.
2025-ci ilin sentyabrında Apellyasiya Məhkəməsi bu hökmləri qüvvədə saxlayıb. Həbsdə olan jurnalistlər pis rəftar, qeyri-kafi qidalanma və tibbi xidmət, həmçinin həbsxana əməkdaşlarının zorakılıq halları barədə məlumat verirlər.
Təşkilat ayrıca olaraq iş üzrə həbs edilən “Azadlıq Radiosu”nun jurnalisti və iqtisadçı Fərid Mehrəlizadənin də şikayətinin rədd edildiyini vurğulayıb. O da “Abzas Media işi” üzrə ittiham olunsa da, həm özü, həm də redaksiya bu əməkdaşlığı dəfələrlə təkzib edib.
Bəyanatda qeyd olunur ki, hazırda Azərbaycanda azı 25 media nümayəndəsi həbsdədir və onlardan 24-ü demək olar ki, valyuta qaçaqmalçılığı ittihamları ilə üzləşib.
RSF Azərbaycan hpkumətindən həbsdə olan bütün jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb edir.